Ukraynadan Rusiyanın Soçi limanına Britaniya dronları ilə ilk zərbə
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara dənizdəki limanlarına hücumlarda ilk dəfə Britaniya istehsalı olan “K3 Scout” pilotsuz katerlərindən istifadə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Defense Express” nəşri məlumat yayıb.
Bildirilib ki, Britaniya istehsalı olan pilotsuz katerlər Rusiyanın Soçi limanına həyata keçirilən hücum zamanı da istifadə olunub.
Məlumata görə, “K3 Scout” pilotsuz katerləri 1200 kilometrədək məsafə qət edə, saatda 100 kilometr sürət yığa və 30 günədək avtonom rejimdə fəaliyyət göstərə bilir.
Katerlər 600 kiloqrama qədər faydalı yük daşımaq imkanına malikdir. Bu yükə döyüş başlıqları, raketlər və kəşfiyyat məqsədli pilotsuz uçuş aparatları daxil ola bilər.
Bununla belə, Ukraynanın bu katerlərdən hansı miqyasda istifadə etdiyi hələlik məlum deyil.
“Defense Express” nəşrinin ehtimalına görə, “K3 Scout” katerləri hazırda sınaq məqsədilə istifadə oluna bilər. Çünki Ukraynanın müdafiə sənayesi oxşar imkanlara malik, daha ucuz pilotsuz dəniz vasitələri istehsal edir.
Qeyd olunur ki, bir ədəd “K3 Scout” katerinin qiyməti təxminən 821 min ABŞ dollarıdır. Bu məbləğə əlavə avadanlıqlar, operatorların hazırlanması və texniki xidmət xərcləri də daxildir.
Hücumun nəticələri və katerlərin döyüş şəraitində effektivliyi barədə müstəqil təsdiqlənmiş məlumat yoxdur.
15:24 17.10.2026
Oxunuş sayı: 67