Qabil Hüseynli: Türkiyə-Ermənistan normallaşması Azərbaycanla sülh prosesini ləngidə bilər
Türkiyə-Ermənistan münasibətlərinin Azərbaycanla sülh prosesində real irəliləyiş əldə olunmadan normallaşdırılması Cənubi Qafqazda mövcud siyasi balans və regional əməkdaşlığın gələcəyi baxımından müəyyən suallar yaradır. Türkiyənin kənd təsərrüfatı naziri İbrahim Yumaklının Ermənistanla münasibətlərin normallaşmasının bütün region üçün faydalı olacağı barədə açıqlaması bu məsələni yenidən gündəmə gətirib. Ankara ilə İrəvan arasında əlaqələrin sürətlə inkişafının Ermənistanın Azərbaycan qarşısında həll etməli olduğu məsələlərin arxa plana keçməsinə və sülh prosesində arxayınlıq yaranmasına səbəb ola biləcəyi ehtimalı da diqqət çəkir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasına baxmayaraq, sənədin imzalanması və ratifikasiyası üçün əlavə addımların atılması zərurəti qalır. Bu baxımdan, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atacağı addımların Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlə uzlaşdırılması məsələsi aktuallıq qazanır.
Politoloq Qabil Hüseynli Crossmedia.az-a açıqlamasında Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Azərbaycan-Ermənistan sülh prosesinə mümkün təsirlərindən danışıb.

O, bildirib ki, Ankara uzun müddət Ermənistanla münasibətlərin yaxşılaşdırılmasını Azərbaycanla mövcud problemlərin həlli ilə əlaqələndirib: “Əvvəllər bu proseslər paralel şəkildə aparılırdı. Türkiyə birtərəfli qaydada Ermənistanla münasibətləri yaxşılaşdırmağa tələsmirdi, gözləyirdi ki, Ermənistan tərəfi Azərbaycanla olan problemləri həll etsin, bundan sonra Türkiyə ilə münasibətlərdə də irəliləyiş olsun”.
Qabil Hüseynlinin fikrincə, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin Azərbaycan-Ermənistan danışıqlarından irəlidə getməsi müəyyən risklər yarada bilər: “İndi hiss olunur ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesində müəyyən irəliləyiş var. Ancaq Türkiyə bu məsələdə birtərəfli qaydada addımlar atarsa, bu, müəyyən əngəllər yarada bilər”.
Politoloq hesab edir ki, münasibətlərin normallaşması istiqamətində atılan addımlar Ermənistanın Azərbaycanla sülh prosesində üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə də təsir göstərə bilər: “Ermənistanla münasibətlərin normallaşmasının sürətləndirilməsi İrəvanda müəyyən arxayınlıq yarada və Azərbaycanla bağlı həllini gözləyən məsələlərin, o cümlədən konstitusiya dəyişikliyi məsələsinin uzadılmasına səbəb ola bilər. Buna görə də Türkiyə-Ermənistan münasibətlərinin inkişafı Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişlə uzlaşdırılmalıdır”.
Nigar Xəlilli
17:00 17.10.2026
Oxunuş sayı: 73