“Rebuild Karabakh” və Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun davamlı inkişaf perspektivləri
Azərbaycanın müasir tarixində Böyük Qayıdış prosesi dövlətçilik, milli birlik, sosial ədalətin bərpası və iqtisadi inkişaf baxımından müstəsna əhəmiyyət daşıyan strateji layihələrdən biridir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq, məskunlaşma və sosial-iqtisadi inkişaf mərhələsinin başlanmasına zəmin yaratmışdır. Uzun illər işğal altında qalmış torpaqların yenidən qurulması, dağıdılmış yaşayış məntəqələrinin bərpası, infrastrukturun yaradılması və insanların doğma yurdlarına qayıdışının təmin edilməsi bu gün Azərbaycanın qarşısında duran mühüm milli vəzifələrdəndir.
Böyük Qayıdış, yalnız əhalinin əvvəlki yaşayış yerlərinə köçürülməsi ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun ölkənin vahid iqtisadi məkanına inteqrasi-yasını, müasir şəhər və kənd mühitinin formalaşdırılmasını, yeni iş yerlərinin yaradılmasını, tarixi-mədəni irsin qorunmasını və ekoloji tarazlığın bərpasını nəzərdə tutur. Başqa sözlə, Böyük Qayıdışın əsas məqsədi insanların öz doğma torpaqlarında təhlükəsiz, layiqli və firavan həyat sürməsi üçün zəruri şərait yaratmaqdır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı layihələr bu məqsədlərin ardıcıl şəkildə reallaşdırıldığını göstərir. Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı – “Rebuild Garabagh” sərgisi çərçivəsində səsləndirilən fikirlər və təqdim edilən göstəricilər də bu prosesin miqyasını, əldə olunmuş nəticələri və gələcək inkişaf istiqamətlərini qiymətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Böyük Qayıdış dövlət siyasətinin prioritet istiqaməti kimi
44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin başlanmasını təmin etdi. Bu gün həmin ərazilərdə həyata keçirilən tədbirlər Azərbaycanın milli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində şəhər və kəndlər yenidən qurulur, yaşayış infrastrukturu yaradılır, sosial xidmətlər təşkil edilir və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı təmin olunur. Prosesin diqqətçəkən xüsusiyyətlərindən biri bərpa və yenidənqurma işlərinin Azərbaycanın öz maliyyə imkanları hesabına həyata keçirilməsidir. Təqdim edilmiş məlumatlara əsasən, indiyədək bu məqsədlər üçün dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılmışdır. Bu məbləğ ölkənin azad edilmiş ərazilərin dirçəldilməsinə verdiyi strateji əhəmiyyətin və uzunmüddətli inkişaf məqsədlərinə sadiqliyinin göstəricisidir.
Müşahidə və araşdırmalar göstərir ki, dövlət investisiyalarının əsas istiqamətlərinə yolların, dəmir yollarının, hava limanlarının, elektrik və su təchizatı sistemlərinin, yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin inşası daxildir. Bu investisiyalar, yalnız ilkin infrastruktur ehtiyaclarını qarşılamaqla kifayətlənmir, həm də gələcək iqtisadi fəallığın və özəl sektorun inkişafının təməlini formalaşdırır. Böyük Qayıdışın uğuru ayrılmış maliyyə vəsaitlərinin həcmi ilə yanaşı, onların səmərəli istifadəsi, layihələrin keyfiyyəti, yaradılan iqtisadi imkanların davamlılığı və əhalinin yeni yaşayış mühitinə uyğunlaşması ilə də ölçülməlidir. Buna görə də növbəti mərhələdə dövlət investisiyalarının özəl sərmayələrlə tamamlanması, sahibkarlığın təşviqi və dayanıqlı məşğulluğun təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır.
İşğaldan azad edilmiş ərazilərdə bərpa prosesinin ən mühüm şərtlərindən biri təhlükəsizliyin təmin olunmasıdır. Uzun illər ərzində ərazilərdə yerləşdirilmiş minalar və partlamamış hərbi sursatlar insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmaqla yanaşı, tikinti işlərinin aparılmasını, kənd təsərrüfatı torpaqlarından istifadəni və iqtisadi fəaliyyətin genişləndirilməsini də məhdudlaşdırır. Təqdim olunan məlumatlara görə, Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi məqsədilə 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatlardan təmizlənmişdir. Bununla belə, mina təhlükəsinin tam aradan qaldırılması uzunmüddətli, sistemli və yüksək texnoloji təminat tələb edən proses olaraq qalır. Bu istiqamətdə beynəlxalq təcrübənin, müasir minatəmizləmə texnologiyalarının və rəqəmsal xəritələşdirmə sistemlərinin tətbiqi mühüm əhəmiyyətə malikdir.
Əldə edilmiş nəticələrə əsasən, 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıtmışdır. İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 100 mindən çox insan yaşayır, təhsil alır və fəaliyyət göstərir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatlarına görə Ağdam şəhərinə 365 nəfərdən ibarət 118 ailə, Sarıcalı kəndinə 10 nəfərdən ibarət 2 ailə, Ağdərə rayonunun Çapar kəndinə 11 nəfərdən ibarət 4 ailə, Aşağı Oratağ kəndinə 9 nəfərdən ibarət 4 ailə, Vəngli kəndinə 18 nəfərdən ibarət 5 ailə, Cəbrayıl şəhərinə 4 nəfərdən ibarət 1 ailə, Şükürbəyli kəndinə 362 nəfərdən ibarət 58 ailə, Xankəndi şəhərinə 13 nəfərdən ibarət 3 ailə, Kərkicahan qəsəbəsinə 22 nəfərdən ibarət 5 ailə, Xocalı şəhərinə 78 nəfərdən ibarət 17 ailə, Ballıca kəndinə 4 nəfərdən ibarət 1 ailə, Xanabad kəndinə 15 nəfərdən ibarət 3 ailə, Xanyurdu kəndinə 22 nəfərdən ibarət 5 ailə, Təzəbinə kəndinə 31 nəfərdən ibarət 7 ailə, Xocavənd şəhərinə 190 nəfərdən ibarət 49 ailə, Qırmızı Bazar qəsəbəsinə 44 nəfərdən ibarət 9 ailə, Quzeyxırman kəndinə 41 nəfərdən ibarət 8 ailə, Güneyxırman kəndinə 4 nəfərdən ibarət 1 ailə, Xocavəndkənd kəndinə 4 nəfərdən ibarət 1 ailə, Laçın şəhərinə isə 4 nəfərdən ibarət 1 ailə köçürülərək məskunlaşdırılıb. Ümumilikdə, 2026-cı ilin sentyabr ayı ərzində 1 251 nəfərdən ibarət 302 ailənin köçü həyata keçirilib .
Bu göstəricilər ərazilərin tədricən yenidən məskunlaşdırıldığını və normal həyat şəraitinin formalaşdırıldığını göstərir. Lakin qayıdış prosesinin davamlılığı üçün, yalnız mənzil və infrastruktur təminatı kifayət etmir. İnsanların doğma yurdlarında uzunmüddətli məskunlaşması iş yerlərinin, məktəblərin, tibb müəssisələrinin, ictimai nəqliyyatın, ticarət və məişət xidmətlərinin mövcudluğundan birbaşa asılıdır. Bu baxımdan, yaşayış məntəqələrinin bərpası ilə iqtisadi fəallığın təşviqi paralel şəkildə həyata keçirilməlidir. Böyük Qayıdışın sosial nəticələrinin qiymətləndirilməsində əhalinin məşğulluq səviyyəsi, gəlirləri, mənzil şəraiti, təhsil və səhiyyə xidmətlərinə çıxışı, eləcə də gənclərin regionda qalmaq və fəaliyyət göstərmək imkanları əsas göstəricilər kimi çıxış etməlidir.
İnfrastruktur təminatı: regional inteqrasiya, iqtisadi tərəqqinin və yaşıl inkişaf modelinə keçid
Qarabağ və Şərqi Zəngəzurun bərpasında nəqliyyat infrastrukturu xüsusi strateji əhəmiyyət daşıyır. Müasir yolların, dəmir yollarının və hava limanlarının inşası yaşayış məntəqələri arasında əlaqələri gücləndirir, istehsal və xidmət sahələrinin fəaliyyətini asanlaşdırır, regionun ölkənin digər iqtisadi mərkəzləri ilə inteqrasiyasını sürətləndirir. Təqdim edilən məlumatlara əsasən, işğaldan azad edilmiş ərazilərdə indiyədək 1 500 kilometrə yaxın avtomobil yolu tikilmişdir. Bu yollar regionun nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, kənd təsərrüfatı məhsullarının bazarlara çatdırılmasına, turizm marşrutlarının formalaşdırılmasına və logistika əməliyyatlarının səmərəliliyinə də müsbət təsir göstərir. Mühüm mühəndislik layihələrindən biri olan 11,7 kilometr uzunluğundakı Murovdağ tuneli mürəkkəb dağlıq şəraitdə həyata keçirilən infrastruktur quruculuğunun əhəmiyyətli nümunəsidir. Belə layihələr nəqliyyat məsafələrinin və mövsümi məhdudiyyətlərin azaldılmasına, yaşayış məntəqələri arasında daha etibarlı əlaqələrin yaradılmasına xidmət edir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi isə regionun hava nəqliyyatı imkanlarını genişləndirir. Bu hava limanları sərnişin daşımaları, biznes səfərləri, turizm, yükdaşı-malar və beynəlxalq iqtisadi əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradır. Öz növbəsində, dəmir yolu infrastrukturunun genişləndirilməsi də bərpa strategiyasının mühüm istiqamətlərindəndir. Xüsusilə, Horadiz–Ağbənd dəmir yolu xətti Azərbaycanın regional nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Bu xətt Zəngəzur dəhlizi üzrə nəzərdə tutulan nəqliyyat bağlantılarının mühüm tərkib hissəsi kimi Şərq–Qərb istiqamətində yükdaşımaların inkişafına və Azərbaycanın beynəlxalq logistika mövqeyinin möhkəmlənməsinə töhfə verə bilər.
Nəqliyyat infrastrukturunun iqtisadi səmərəsi onun, yalnız tikilməsi ilə deyil, həm də intensiv istifadəsi ilə müəyyən olunur. Buna görə də növbəti mərhələdə logistika mərkəzlərinin, anbar komplekslərinin, gömrük və rəqəmsal xidmətlərin, sənaye və aqrar istehsal zonalarının nəqliyyat şəbəkəsinə inteqrasiyası vacibdir. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzuru təkcə nəqliyyat dəhlizlərinin keçdiyi ərazi deyil, həm də əlavə dəyərin yaradıldığı iqtisadi məkana çevirə bilər. Bu, həm də dövlət başçısının “Biz nəqliyyat dəhlizlərinə yalnızdaşıma marşrutu kimi deyil, həm də dəyər yaradan bir iqtisadi-strateji mexanizm kimi yanaşmalıyıq” çağırışından irəli gələn zərurətdir.
Yeni yaşayış məntəqələrinin, sənaye müəssisələrinin və sosial obyektlərin davamlı fəaliyyəti etibarlı enerji və su təminatından asılıdır. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurda enerji infrastrukturu və su təsərrüfatının bərpası regional inkişafın fundamental şərtlərindəndir. Təqdim edilmiş məlumatlara görə, regionda bir yeni su anbarı tikilmiş, beş su anbarı bərpa edilmiş, 13 yarımstansiya və ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyası istismara verilmişdir. Bu layihələr elektrik enerjisi təminatının gücləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə və iqtisadi fəaliyyət üçün zəruri infrastrukturun formalaşdırılması baxımından əhəmiyyətlidir.
Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi bərpa prosesinin əsas strateji istiqamətlərindən biridir. Bu yanaşma regionun təbii resurslarından səmərəli istifadəni, bərpaolunan enerji mənbələrinin genişləndirilməsini, enerji itkilərinin azaldılmasını və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsini nəzərdə tutur. Yaşıl enerji konsepsiyasının uğurlu tətbiqi üçün günəş və külək enerjisi layihələrinin iqtisadi əsaslandırılması, kiçik su elektrik stansiyalarının ekoloji tələblərə uyğun fəaliyyəti, enerji saxlama sistemlərinin tətbiqi və ağıllı elektrik şəbəkələrinin qurulması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, enerji səmərəliliyinə əsaslanan tikinti standartlarının tətbiqi yaşayış binalarının və istehsal obyektlərinin istismar xərclərini azalda bilər. Dünyada iqlim dəyişikjliklərinin baş verdiyi, şirin su ehtiyatlarının sürətlə azaldığı bir zamanda, su ehtiyatlarının idarə edilməsində də inteqrasiya olunmuş yanaşma tələb olunur. Su anbarlarının və suvarma sistemlərinin bərpası kənd təsərrüfatının inkişafına, ərzaq təhlükəsizli-yinin möhkəmlənməsinə və kənd əhalisinin məşğulluğuna töhfə verə bilər. Bununla yanaşı, iqlim dəyişmələri, suya olan tələbatın artması və ekosistemlərin qorunması nəzərə alınmaqla uzunmüddətli su idarəçiliyi planları hazırlanmalıdır.
Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda infrastruktur quruculuğu ənənəvi inkişaf modelin-dən daha dayanıqlı, enerji baxımından səmərəli və ekoloji cəhətdən məsuliyyətli regional iqtisadiyyat modelinə keçid üçün əlverişli şərait yaradır. Nəzərə alsaq ki, ölkəmiz dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması istiqamətində ardıcıl addımlar atır, onda işğaldan azad edilmiş ərazilərin də dayanıqlı inkişafına nail olunması zəruriliyi aydın olar.
Aydındırki, Böyük Qayıdışın əsas məqsədi insanların doğma torpaqlarında təhlükəsiz və layiqli həyat şəraitinin təmin edilməsidir. Buna görə də yaşayış evlərinin, yolların və kommunal sistemlərin inşası ilə yanaşı, təhsil, səhiyyə, sosial müdafiə, rabitə və dövlət xidmətlərinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Təhlil və araşdırmalardan aydın olur ki, regionda 40 təhsil və 20 səhiyyə müəssisəsi fəaliyyətə başlayıb, Xankəndi şəhərində Qarabağ Universiteti uğurla fəaliyyət göstərməkdədir. Bu müəssisələr əhalinin əsas sosial ehtiyaclarının ödənilməsinə, gənclərin təhsil imkanlarının genişləndirilməsinə və regionda insan kapitalının formalaşdırılmasına xidmət edir. Qarabağ Universitetinin fəaliyyəti regionun gələcək inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Ali təhsil müəssisəsi, yalnız tədris və elmi tədqiqat mərkəzi deyil, həm də yeni mütəxəssislərin hazırlanması, innovasiyaların təşviqi, yerli əhalinin tərkibin zənginləşdirilməsi və yerli əmək bazarının tələblərinin ödənilməsi üçün mühüm platformadır. Gələcəkdə logistika, mühəndislik, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, enerji və ətraf mühitin idarə edilməsi üzrə ixtisasların inkişafı regionun iqtisadi prioritetləri ilə insan kapitalı arasında əlaqəni gücləndirə bilər.
Laçın, Zəngilan, Füzuli və Ağdamda inzibati mərkəzlərin istifadəyə verilməsi dövlət, bank, poçt, rabitə və digər xidmətlərin əhaliyə daha əlçatan formada təqdim olunmasına imkan yaradır. Onu da qeyd edək ki, xidmətlərin vahid məkanda təşkili və rəqəmsallaşdırılması vətəndaşların vaxt itkisinin azaldılmasına, idarəetmənin səmərəliliyinin yüksəldilməsinə və dövlət-vətəndaş münasibətlərinin inkişafına töhfə verir. Bununla belə, sosial infrastrukturun real səmərəsi onun xidmət keyfiyyəti, kadr təminatı və əhalinin ehtiyaclarına uyğunluğu ilə ölçülür. Bu səbəbdən, müəllimlərin, həkimlərin, mühəndislərin və digər ixtisaslı mütəxəssislərin regiona cəlb edilməsi, onların sosial təminatının gücləndirilməsi və peşəkar inkişaf imkanlarının yaradılması hələ uzun müddət aktual olaraq qalqacaqdır.
İqtisadi dirçəliş, investisiyalar və daimi məşğulluğun təmin edilməsi
Bərpa prosesinin növbəti mərhələsində əsas məsələ yaradılmış infrastruktur imkanlarını iqtisadi nəticələrə çevirməkdir. Yeni yollar, enerji və su təchizatı sistemləri, yaşayış məntəqələri və sosial obyektlər regionun iqtisadi inkişafı üçün zəruri ilkin şəraiti formalaşdırır. Lakin uzunmüddətli dirçəliş üçün bu imkanların özəl investisiyalar, sahibkarlıq fəaliyyəti, istehsal və xidmət sektorunun inkişafı ilə tamamlanması zəruridir. Bu baxımdan da, tam haqlı olaraq Böyük Qayıdışa dair Dövlət Proqramının ikinci mərhələsinin əsas məqsədlərindən biri özəl investisiyaların, daimi məşğulluğun və ixracyönümlü istehsalın genişləndirilməsidir. Bu istiqamət Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi formalaşmasına imkan verə bilər. Həm də ona görə ki, istər Qarabağ, istərsə də Şərqi Zəngəzir rayonlarının iqtisadi potensialı zəngindir və uzunmüddətli şaxələndirilmiş inkişafa zəmin yaradır.
Hələ SSRİ dövrünün müşahidəsi və təhlili hər iki iqtisadi rayonun kənd təsərrüfatı və aqrar emal sahələrinin inkişafında mühüm perspektivlərə malik olduğunu deməyə əsas verir. Bu baxım-dan da, əkinçilik, heyvandarlıq, bağçılıq və ərzaq məhsullarının emalı üzrə istehsal zəncirlərinin yaradılması yerli resurslardan səmərəli istifadəni və ərzaq məhsullarının əlavə dəyərini artıra bilər. O cümlədən, mövcud potensial imkanlar, sənaye və tikinti materiallarının istehsalı regionun bərpa ehtiyacları ilə yanaşı, digər bazarların tələbatının ödənilməsinə də xidmət edə bilər. Bunun üçün müəssisələrin müasir texnologiyalar əsasında qurulması, enerji səmərəliliyinin təmin edilməsi və rəqabətqabiliyyətli məhsul istehsalına üstünlük verilməsi vacibdir.
Regionda uzunmüddətli inkişaf potensialı və perspektivlərinə malik sahələrdən biri də turizmdir. Bu ərazilərdə turizm sektoru iqtisadi şaxələndirmənin perspektivli istiqamətlərindən biridir. Qarabağ və Şərqi Zəngəzurun təbii landşaftları, tarixi-mədəni abidələri, dini irsi və yenidən qurulan şəhərləri müxtəlif turizm məhsullarının formalaşdırılması üçün imkanlar yaradır. Mədəni irs, ekoturizm, kənd turizmi, dağ turizmi və sağlamlıq turizmi üzrə layihələr yeni sahibkarlıq subyektlərinin yaranmasına və yerli əhalinin gəlirlərinin artmasına töhfə verə bilər. Bütün bunlarla yanaşı, regionun nəqliyyat mövqeyi logistika və xidmət sektorunun inkişafı üçün əlverişli imkanlar yaradır. Logistika mərkəzləri, anbarlar, yükdaşıma xidmətləri, nəqliyyat vasitələrinə texniki xidmət və rəqəmsal təchizat zənciri həlləri iqtisadi fəallığı artıra bilər.
Bu istiqamətlərin reallaşdırılması üçün investorlara aydın və proqnozlaşdırıla bilən biznes mühiti, torpaq və əmlakdan istifadənin səmərəli mexanizmləri, maliyyə resurslarına çıxış, ixtisaslı əmək qüvvəsi və inzibati prosedurların sadələşdirilməsi vacibdir. Şübhəsiz ki, işğaldan azad edilmiş əırazilərdə də dövlət-özəl tərəfdaşlığının inkişafı iri infrastruktur layihələrinin və kommersiya baxımından əsaslandırılmış təşəbbüslərin həyata keçirilməsini təşviq edə bilər. Ən mühüm məsələ iqtisadi inkişafın, yalnız investisiya həcmi ilə deyil, yaradılan daimi iş yerlərinin sayı, yerli əhalinin məşğulluqda iştirakı, yaradılan əlavə dəyər, ixrac imkanları və sahibkarlıq subyektlərinin davamlılığı ilə qiymətləndirilməsidir.
Qeyd edildiyi kimi, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, yalnız fiziki infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Regionun tarixi-mədəni irsinin qorunması, dağıdılmış abidələrin bərpası və mədəni həyatın yenidən canlandırılması Böyük Qayıdışın mənəvi və humanitar mahiyyətini müəyyən edən əsas istiqamətlərdəndir. İşğal dövründə zərər görmüş şəhərlər, kəndlər, tarixi tikililər, dini abidələr və mədəniyyət obyektləri Azərbaycanın milli-mədəni irsinin mühüm hissəsini təşkil edir. Onların bərpası tarixi yaddaşın qorunmasına, mədəni irsin gələcək nəsillərə ötürülməsinə və regionun özünəməxsus simasının yenidən formalaşdırılmasına xidmət edir. Tarixi abidələrin bərpası zamanı elmi əsaslandırılmış konservasiya metodlarının tətbiqi, orijinal memarlıq xüsusiyyətlərinin qorunması və müasir texnologiyalardan düzgün istifadə xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə yerli mütəxəssislərin, memarların, tarixçilərin və bərpa üzrə ekspertlərin iştirakı təmin edilməlidir.
Aydındır ki, mədəni irsin qorunması turizmin inkişafı ilə də sıx bağlıdır. Tarixi şəhərlər, dini və memarlıq abidələri, təbii landşaftlar və ənənəvi yaşayış mədəniyyəti əsasında tematik turizm marşrutlarının yaradılması regionun iqtisadi potensialını genişləndirə bilər. Bu zaman turistlərin təhlükəsizliyi, nəqliyyat əlçatanlığı, yerləşmə imkanları, xidmət keyfiyyəti və rəqəmsal informa-siya sistemləri vahid yanaşma çərçivəsində inkişaf etdirilməlidir. Turizmin yerli əhali üçün iqtisadi faydasının artırılması da mühüm şərtdir. Belə ki, ailəvi yerləşmə obyektləri, yerli mətbəx, sənətkarlıq, bələdçilik və mədəni tədbirlər region sakinlərinin sahibkarlıq fəaliyyətinə cəlb olunmasını təmin edə bilər. Beləliklə, mədəni irsin qorunması həm mənəvi dirçəlişə, həm də yeni gəlir mənbələrinin formalaşmasına xidmət edər.
İşğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpasına regionun uzunmüddətli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi kimi yanaşılmalıdır. İşğal dövründə təbii ehtiyatlara vurulmuş zərər, meşələrin məhv edilməsi, torpaqların və su mənbələrinin çirkləndirilməsi ekoloji bərpa tədbirlərinin miqyasını genişləndirmişdir. Eyni zamanda, yeni şəhər və kəndlərin tikintisində enerji səmərəli binalar, tullantıların çeşidlənməsi və emalı sistemləri, suya qənaət edən texnologiyalar, yaşıl ictimai məkanlar və iqlim dəyişmələrinə davamlı mühəndislik həllərinin tətbiqi də aktual olaraq qalır. Ekoloji təhlükəsizliyin təmin edilməsi kənd təsərrüfatının inkişafı və turizm potensialının reallaşdırılması üçün də zəruridir. Torpaq və su ehtiyatlarının keyfiyyətinə nəzarət, çirklənmiş ərazilərin qiymətləndirilməsi, biomüxtəlifliyin qorunması və müntəzəm ekoloji-iqtisadi monitorinq regionun təbii sərvətlərindən gələcək nəsillərin də istifadə edə bilməsi üçün mühüm şərtlərdir. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesi iqtisadi artım, sosial rifah və ekoloji məsuliyyət arasında tarazlığın qorunmasına əsaslanmalıdır.
“Rebuild Garabagh”: müasir şəhərsalma və beynəlxalq təcrübənin əhəmiyyəti
İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri müasir şəhərsalma, mühəndislik və ərazi planlaşdırılması həllərinin tətbiqi baxımından da əhəmiyyətlidir. Yeni şəhər və kəndlərin layihələndirilməsi zamanı yaşayış sahələrinin funksional təşkili, nəqliyyat əlçatanlığı, enerji və su təminatı, sosial infrastruktur, yaşıllıq sahələri və rəqəmsal xidmətlər vahid sistem kimi nəzərə alınır. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurda daha rahat, təhlükəsiz və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına imkan verir. Ağıllı şəhər və ağıllı kənd həllərinin tətbiqi kommunal xidmətlərin idarə edilməsini təkmilləşdirə, enerji və su itkilərini azalda, dövlət xidmətlərinin əlçatanlığını artıra bilər.
2026-cı ildə Bakıda keçirilmiş BMT-nin Məskunlaşma Proqramının Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın şəhərsalma və dayanıqlı məskunlaşma sahəsində təcrübəsinin beynəlxalq müstəvidə təqdim olunması baxımından əhəmiyyətli platforma kimi qəbul edilir. Bu mənada Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin beynəlxalq müzakirələrə çıxarılması müasir şəhərsalma yanaşmalarının təkmilləşdirilməsinə və digər ölkələrlə təcrübə mübadiləsinə imkan yaradabilər. “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən “Rebuild Garabagh” və “BakuBuild” sərgiləri də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Belə tədbirlər təcrübə mübadiləsinə, tikinti materialları, mühəndislik sistemləri, enerji səmərəli texnologiyalar, rəqəmsal layihələndirmə və infrastrukturun idarə olunması sahələrində yeni həllərin təqdim edilməsinə şərait yaradır. Aydındırki, sərgilərin iqtisadi əhəmiyyəti yalnız texnologiyaların nümayişi ilə məhdudlaşmır. Onlar yerli və xarici şirkətlər arasında tərəfdaşlıqların yaradılması, investisiya layihələrinin müzakirəsi, təchizat zəncirlərinin genişləndirilməsi və yeni biznes əlaqələrinin qurulması üçün əlverişli imkanlar formalaşdırır. Bununla belə, beynəlxalq təcrübənin tətbiqi zamanı yerli coğrafi, iqlim, sosial və iqtisadi xüsusiyyətlər nəzərə alınmalıdır. Ən səmərəli yanaşma qabaqcıl texnologiyaların yerli bilik və resurslarla uzlaşdırılması, eləcə də layihələrin icrası dövründə xərclərin və uzunmüddətli faydaların qiymətləndirilməsidir.
Böyük Qayıdışın növbəti mərhələsi: prioritetlər və strateji vəzifələr
Yuxarıda qeyd edilənlər, eləcə də aparılan müşahidə və araşdırmalar əsasında belə nəticəyə gəlmək olar ki, Qarabağ və Şərqi Zəngəzurda yaradılmaqda olan infrastruktur və sosial imkanlar regionun inkişafında yeni mərhələyə keçid üçün zəmin yaradır. Bu mərhələdə əsas vəzifə dövlət investisiyaları nəticəsində formalaşdırılmış potensialın dayanıqlı iqtisadi fəallığa, əhalinin rifahına və rəqabətqabiliyyətli istehsala çevrilməsidir. Bu məqsədlə aşağıdakı istiqamətlərin əsas prioritetlər kimi diqqətdə saxlanması məqsədəuyğun olardı:
Dövlət-özəl əməkdaşlığının təşviqi və özəl investisiyaların cəlb edilməsinin genişlən-dirilməsi məqsədilə regionun iqtisadi potensialına uyğun investisiya layihələrinin hazırlanması, investorlar üçün şəffaf və proqnozlaşdırıla bilən fəaliyyət mühitinin yaradılması, dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi zəruridir.
Yerli əhalinin peşə hazırlığı, kiçik və orta sahibkarlığa maliyyə dəstəyi, ailə biznesinin və kooperativlərin inkişafı daimi məşğulluğun və sahibkarlığın təşviqini təmin edə bilər ki, bu da iqtisadi fəallığın artırılmasına xidmət edər.
Aqrar emal, sənaye, tikinti materialları, qida istehsalı və digər perspektivli sahələrdə rəqabətqabiliyyətli kiçik və orta müəssisələrin yaradılması ilə ixracyönümlü istehsalın genişləndirilməsi regionun ölkə iqtisadiyyatına töhfəsini artıra bilər.
Bərpaolunan enerji, enerji saxlama sistemləri, suya qənaət edən texnologiyalar və ekoloji təmiz istehsal həllərinin genişləndirilməsi, tarixi abidələrin bərpası, xidmət infrastrukturunun yaradılması və vahid turizm marşrutlarının formalaşdırılması regionun dayanıqlı inkişafını daha da stimullaşdıra bilər.
Təhsil müəssisələrinin əmək bazarı ilə əlaqələrinin gücləndirilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə peşə təhsili proqramlarının genişləndirilməsi və müasir ixtisaslar üzrə kadr hazırlığı, infrastruktur layihələrinin, məşğulluğun, investisiyaların, ekoloji göstəricilərin və sosial xidmətlərin nəticələrini ölçən vahid monitorinq mexanizminin yaradılması iqtisadi inkişafın keyfiyyətini müəyyən etməklə yanaşı, bu sahədə reallaşdırılan dövlət siyasətinin səmərəliliyini də artıra bilər.
Yuxarıda da qeyd edildiyi ki, bu prioritetlərin həyata keçirilməsi zamanı sosial, iqtisadi və ekoloji nəticələrin qarşılıqlı əlaqəsi nəzərə alınmalı, bərpa prosesinin uğuru, yalnız tikilmiş obyektlərin sayı ilə deyil, onların insanların real həyatına, regionun iqtisadiyyatına və təbii mühitinə verdiyi real töhfə ilə dəyərləndirilməlidir. Həm də ona görə ki, Böyük Qayıdış Azərbaycanın müasir inkişaf tarixində mühüm strateji əhəmiyyət daşıyan, çoxşaxəli və uzunmüddətli prosesdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələri ərazilərin fiziki simasının dəyişdirilməsi ilə yanaşı, yeni sosial-iqtisadi münasibətlərin, müasir yaşayış mühitinin və dayanıqlı inkişaf imkanlarının formalaşdırılmasına xidmət edir.
Dövlət büdcəsindən ayrılmış 25,5 milyard manat vəsait, 300 min hektardan çox ərazinin minalardan təmizlənməsi, yaşayış məntəqələrinə qayıdışın genişlənməsi, nəqliyyat və enerji infrastrukturunun yaradılması, təhsil və səhiyyə müəssisələrinin fəaliyyətə başlaması görülən işlərin miqyasını əks etdirməklə, Böyük Qayıdışın ardıcıl dövlət siyasəti əsasında həyata keçirildiyini ifadə edir. Bununla yanaşı, qarşıdakı mərhələnin əsas məqsədi yaradılmış imkanların iqtisadi və sosial baxımdan dayanıqlı nəticələrə çevrilməsidir. Daimi iş yerlərinin yaradılması, özəl investisiyaların genişləndirilməsi, ixracyönümlü istehsalın təşviqi, insan kapitalının inkişafı və ekoloji tarazlığın bərpası bu məqsədə çatmaq üçün əsas şərtlərdəndir.
“Rebuild Garabagh” sərgisi kimi platformalar müasir texnologiyaların, beynəlxalq təcrübənin və investisiya imkanlarının bir araya gətirilməsi baxımından mühüm rol oynayır. Bu tədbirlər çərçivəsində formalaşan əməkdaşlıqların konkret layihələrə çevrilməsi regionun inkişaf potensialının daha geniş reallaşdırılmasına kömək edə bilər. Nəticə etibarilə, Böyük Qayıdışın strateji uğuru insanların doğma torpaqlarında təhlükəsiz və firavan yaşaması, regionda rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması, tarixi-mədəni irsin qorunması və təbii ehtiyatlardan məsuliyyətlə istifadə səviyyəsi ilə ölçülə bilər. Əminliklə qeyd etmək olar ki, Qarabağ və Şərqi Zəngəzurun müasir, innovativ və dayanıqlı inkişaf məkanına çevrilməsi Azərbaycanın ümumi iqtisadi potensialının güclənməsinə və regional əməkdaşlıq imkanlarının genişlənməsinə də mühüm töhfə verəcəkdir.
17:15 17.10.2026
Oxunuş sayı: 62