Alimlərin elmi-tədqiqat fəaliyyətinin yeni meyarlarla qiymətləndirilməsi elmin inkişafına stimul verəcək
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyanın Rəyasət Heyətində müşavirə keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Tədbirdə AMEA-nın Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi katibləri iştirak ediblər.
Müşavirədə əvvəlcə AMEA-da Elm Günü ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq məsələsi müzakirə olunub. Akademik İsa Həbibbəyli Elm Gününə həsr olunmuş tədbirin yüksək səviyyədə keçirilməsinin əhəmiyyətini bildirərək qeyd edib ki, builki mərasimdə kitab və elmi nailiyyətlər sərgisinin təşkili, müvafiq təqdimatlar, həmçinin süni intellekt texnologiyalarından istifadə etməklə hazırlanmış və yeni reallıqları əks etdirən materialların nümayişi nəzərdə tutulub.
Mövzu ətrafında aparılan müzakirələrdən sonra akademik İsa Həbibbəyli tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.
Müşavirədə müzakirəyə çıxarılan növbəti məsələ AMEA-da əməkdaşların elmi-tədqiqat fəaliyyətinin qiymətləndirilməsi meyarları haqqında olub.
Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da uzun illər ərzində elmi fəaliyyətin qiymətləndirilməsi plan işlərinin icrası əsasında aparılıb. Hazırda isə elmi-tədqiqatlara görə fəaliyyətin qiymətləndirilməsinin müxtəlif indikatorlar və nominasiyalar üzrə bal sistemi əsasında dəyərləndirilməsinə keçid üçün Akademiyada hazırlıq işlərinə başlanıb. Bu mexanizmin növbəti ildən etibarən tətbiq edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli vurğulayıb ki, alimlərin çoxşaxəli fəaliyyətinin yeni dəyərləndirmə modeli ilə müəyyənləşdirilməsi elmi-tədqiqatların real qiymətləndirilməsinə öz töhfəsini verəcək.
Məsələ barədə geniş fikir mübadiləsi aparılıb, nəzərdə tutulan müvafiq meyarlar dəyərləndirilib.
Müzakirələrdə akademik Rasim Əliquliyev, akademik Dilqəm Tağıyev, akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, filologiya elmləri doktoru Sərxan Xavəri, filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı və başqaları çıxış edərək fikir və mülahizələrini bildiriblər.
Müşavirədə alim əməyinin yeni metodlarla qiymətləndirilməsi meyarlarının Rəyasət Heyətinin, institutların Elmi şuralarının iclaslarında və digər növbəti mərhələlərdə də müzakirəyə çıxarılması qərara alınıb.
17:04 02.04.2026
Oxunuş sayı: 45