Husilərdən dünya ticarətinə ŞOK HƏDƏ: Bab əl-Məndəb bağlana bilər
Husilər strateji Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib.
Yəməndə fəaliyyət göstərən Ənsar Allah (husilər) regionda gərginliyin artacağı təqdirdə mühüm dəniz keçidlərindən biri olan Bab əl-Məndəb boğazını bağlaya biləcəklərini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Husi hökumətinin informasiya nazirinin müavini Məhəmməd Mənsur “Al-Monitor”a müsahibəsində danışıb. Onun sözlərinə görə, belə bir addım İran və ya Livana qarşı hərbi eskalasiyanın kəskinləşməsi halında gündəmə gələ bilər.
Mənsur bildirib ki, boğazın bağlanması yalnız İranla bağlı ssenari ilə məhdudlaşmır. O qeyd edib ki, Livanda fəaliyyət göstərən Hizbullah hərəkatını qorumaq məqsədilə də bu variant nəzərdən keçirilir.
Husi rəsmisi əlavə edib ki, Körfəz ölkələrindən hər hansı biri ABŞ və ya İsrailə dəstək verərək hərbi əməliyyatlara birbaşa qoşularsa, Yəmən bu addımı ata bilər.
Qeyd edək ki, Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən və qlobal ticarət üçün həyati əhəmiyyət daşıyan strateji su yoludur. Bu marşrutun bağlanması beynəlxalq enerji və yük daşımalarına ciddi təsir göstərə bilər.
14:32 02.04.2026
Oxunuş sayı: 43