Azərbaycan və türk icmalarının birliyi gücləndirilir
Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Ştutqart Azərbaycan Evinin rəhbəri Günay Mirzəyeva Türkiyə Respublikasının Ştutqartdakı Baş Konsulu Makbule Koçak Kaçar ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Görüşdə Almaniyadakı Azərbaycan və türk icmaları arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və mədəni əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Ortaq tarix, dil və mədəni dəyərlər üzərində qurulan əməkdaşlığın diaspor fəaliyyətinin daha səmərəli təşkilinə və icmalar arasında həmrəyliyin güclənməsinə xidmət etdiyi vurğulanıb.
Soydaşımız daha sonra Baden-Vürtemberq əyalətinin Təhsil Nazirliyinin şöbə müdiri Matias Volf ilə bu ilin əvvəlində Ştutqartda açılan Azərbaycan Evinin və evin nəzdindəki həftəsonu Azərbaycan məktəbinin fəaliyyətinə dair söhbət aparıb.
Qeyd edək ki, bu kimi görüşlər diaspor təşkilatları arasında körpülərin qurulmasına, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına və birgə təşəbbüslərin inkişafına töhfə verir.
16:55 01.04.2026
Oxunuş sayı: 54