Ottavada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündən və Aprel döyüşlərindən danışılıb
Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə və Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunan xüsusi dərs keçirilib.
Crossmedia.azxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Əvvəlcə Azərbaycan Respublikasının və Kanadanın Dövlət himnləri səsləndirilib, Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov çıxışında 1918-ci ilin mart ayında xalqımızın tarixin ən dəhşətli faciələrindən biri ilə üzləşdiyini vurğulayıb. On minlərlə dinc soydaşımızın yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirildiyini söyləyib.
“Qarabağ” Azərbaycan dili məktəbinin həmtəsisçisi Vüsalə Əhmədova və müəllim Ülviyyə Rəhimova azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha geniş və dolğun şəkildə çatdırılmasının vacibliyini bildiriblər.
Çıxışlarda, həmçinin 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində başlayan döyüşlərdən danışılıb. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatının tarixi əhəmiyyətindən geniş bəhs edilib.
Dərsdə 31 Mart Soyqırımına və Azərbaycan Ordusunun parlaq tarixi qələbəsi ilə nəticələnən şanlı Aprel döyüşlərinə həsr olunan videoçarxlar göstərilib.
15:45 01.04.2026
Oxunuş sayı: 32