Azərbaycan elminin böyük tarixi var - Şöbə müdiri
Bu gün, 27 mart - Milli Elm Günü Azərbaycan elminin inkişaf yolunda mühüm mərhələni simvolizə edir. Belə ki, bu tarix 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaradılması ilə bağlıdır və ölkədə elmin sistemli şəkildə inkişafının başlanğıcı kimi dəyərləndirilir. Azərbaycan Elmlər Akademiyası bu gün də elmin əsas dayağı, biliklərin toplandığı və inkişaf etdiyi bir mərkəz kimi çıxış edir. O, təkcə elmi tədqiqatların aparıldığı qurum deyil, həm də milli intellektual potensialın formalaşdığı əsl “elm məbədi”dir. Burada yetişən alimlər və aparılan araşdırmalar ölkənin gələcəyinin qurulmasında mühüm rol oynayır. Milli Elm Günü isə yalnız alimlərin bayramı deyil, həm də cəmiyyətə elmin dəyərini xatırladan, gələcəyin məhz bilik üzərində qurulduğunu vurğulayan xüsusi bir gündür.

Türkoloq- alim, fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Faiq Ələkbərli elm günü münasibətilə Crossmedia.az-la fikirlərini bölüşüb:
"Azərbaycanda Elm Gününün qeyd edilməsi yaxşı bir haldır. Azərbaycan elminin də böyük bir tarixi var. Bizim tariximiz əslində 1945-ci ilin 27 martından başlamır. Sadəcə, həmin gün Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasına görə biz həmin günü qeyd edirik. Hamımız bilirik ki, Azərbaycan xalqının tarixində böyük elm adamları olmuşdur. İstər qədim dövrlərdə, orta əsrlərdə, yaxud da yeni dövrdə bir çox tanınmış alimlərimiz olub. Və XX əsrdə də Azərbaycan Milli Elmlər Akademiyasının yaranması Azərbaycan elmi üçün böyük bir uğurdur. Əslində, Elm Gününün daha da geniş şəkildə qeyd edilməsi gözləniləndir. Çünki Elm Günü bizim üçün çox önəmlidir. Azərbaycan elminin inkişafı qədim dövrlərdə, orta əsrlərdə necə təşəkkül tapıbsa, biz bu gün də onu davam etdirməliyik. Məsələn, biz Qətran Təbrizi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Şihabəddin Yəhya Sührəvərdi, Əbülhəsən Bəhmənyar və digər böyük elm adamlarımızın davamını görürük. Bu gün də Azərbaycan elmi, məncə, öz inkişafındadır. Müəyyən problemlər ola bilər. Hər halda biz müstəqilliyimizi bərpa etdikdən sonra müəyyən çətinliklər yaşasaq da, Azərbaycan elmi yenə də öz sözünü deməkdədir. Bütün sahələrdə- istər ictimai-humanitar olsun, istər texniki, riyazi və digər sahələrdə Azərbaycan elmi öz inkişafını göstərir".
F.Ələkbərli Azərbaycan alimlərinin dünyada öz sözünü deməyi bacardıqlarını xüsusi olaraq vurğulayıb: "Sadəcə, Azərbaycan elminə bir az daha çox diqqətin ayrılması, Elm Gününün daha diqqətə layiq şəkildə qeyd edilməsi yaxşı olar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də Akademiyanın, Azərbaycan Milli Elmlər Akademiyasının yaranması ilə bağlı tədbirdə iştirak etməsi və oradakı dəyərli fikirlər göstərir ki, Azərbaycan elmi öz inkişafını davam etdirir və burada dövlət qayğısı hiss olunur, bunun daha da artırılacağına ümid edirik. Yəni Azərbaycan elmi bir tərəfdən zəhmət tələb edirsə, digər tərəfdən ona diqqətin olması da gözləniləndir".
Fatimə
13:33 27.03.2026
Oxunuş sayı: 173