ABŞ Yaxın Şərqə 10 minə yaxın əsgər göndərə bilər
ABŞ yaxın günlərdə Yaxın Şərqə ən azı 10 min əsgər göndərməyi nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri ABŞ-nin yüksək vəzifəli hərbi rəsmisinə istinadən məlumar yayıb.
Məlumata əsasən, əgər prezident Donald Tramp administrasiyası əlavə qoşunların göndərilməsi barədə qərar versə, bu addım bölgədəki ABŞ döyüş qüvvələrinin sayını əhəmiyyətli dərəcədə artıracaq. Bu, eyni zamanda, ABŞ-nin İrana qarşı mümkün quru əməliyyatını ciddi şəkildə müzakirə etdiyini göstərə bilər.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) rəsmiləri qərarın gələn həftə veriləcəyini gözləyir. Bildirilir ki, yeni göndəriləcək qüvvələr hazırda bölgədə yerləşdirilən hərbi bölmələrdən fərqli olacaq.
Nəşrin yazdığına görə, Pentaqon İrana qarşı “son zərbə” variantlarını, o cümlədən quru əməliyyatları və genişmiqyaslı bombardmanları hazırlayır. Lakin Tramp hələlik bu ssenarilərlə bağlı yekun qərar qəbul etməyib. Mənbələr qeyd edir ki, İranla danışıqlar nəticə verməyəcəyi təqdirdə, Vaşinqton vəziyyəti daha da gərginləşdirməyə hazırdır.
Eyni zamanda, yaxın günlərdə bölgəyə əlavə hərbi qüvvələrin – bir neçə qırıcı eskadrilya və dəniz piyadaları bölmələrinin göndərilməsi də gözlənilir. Bu qüvvələrin bir hissəsinin artıq yola düşdüyü, digər hissəsinin isə bu həftə ərzində bölgəyə çatacağı bildirilir.
09:24 27.03.2026
Oxunuş sayı: 44