İtlər üzümüzə baxıb nələri anlayır?
İtlər yalnız üz ifadələrimizə baxaraq xoşbəxt, kədərli və ya qorxulu olduğumuzu anlayır.
Crossmedia.az CNN-ə istinadən xəbər verir.
Alimlər itlərin insan üz ifadələrini necə emal etdiyini araşdırıb. Vyana Universitetinin tədqiqatçıları tərəfindən aparılan və “iScience” jurnalında dərc olunan yeni araşdırmaya görə, itlər insanın xoşbəxt, kədərli, qəzəbli və ya qorxulu olduğunu sadəcə üz ifadələrinə baxaraq ayırd edə bilir.
Tədqiqatçılar səkkiz itin (altı border kolli, bir labrador və bir golden retriver) beyin fəaliyyətini fMRT cihazı ilə ölçüblər. İtlərə tanımadıqları insanların xoşbəxt və neytral üz ifadələrinin şəkilləri göstərilib. Xoşbəxt üzlər itin beynində daha yüksək idraki və mükafat emalı ilə bağlı olan temporal korteks və kaudat nüvəsində fəallığı artırıb.
Tədqiqatın aparıcı müəllifi Laura Kuaya bildirib: “İnsanları primatlarla müqayisə edəndə ortaq əcdaddan gələn qabiliyyətlərə baxırıq. İtlərlə isə vəziyyət tamam fərqlidir. Onlar fərqli təkamül yolu keçib, lakin əhliləşmə prosesində bizimlə anlaşmaq və əməkdaşlıq etmək üçün lazım olan sosial bacarıqları inkişaf etdiriblər.”
Daha sonra 12 itə xoşbəxt, qəzəbli, qorxulu və kədərli üzlərin şəkilləri göstərilib. Beyin fəaliyyəti maşın öyrənməsi ilə təhlil edilib. Xoşbəxt üzlərdə müşahidə olunan eyni reaksiya mənfi emosiyalarda təkrarlanmayıb, lakin bütün beyin analizi mənfi emosiyalara cavab olaraq fərqli fəaliyyət nümunələri ortaya qoyub.
Tədqiqatın birinci müəllifi Raul Ernandes-Perez qeyd edib ki, insanlar üzün kiçik detallarını yaxşı ayırd edir, itlər də eyni bacarığa malikdir. Bu, itləri xüsusilə maraqlı edir. Onların beyinlərini öyrənməklə insanların sosial və emosional anlayışını dəstəkləyən uyğunlaşmaları daha yaxşı başa düşmək mümkündür.
Tədqiqatçılar vurğulayıblar ki, itlər emosiyaları yalnız statik üz ifadəsi ilə deyil, bədən dili, səs və qoxu kimi digər siqnallarla da qiymətləndirir. Araşdırmada iştirak edən itlərin hamısı sevgi dolu evlərdə böyüyüb. Küçədə yaşayan itlərdə isə bu proses fərqli ola bilər.
Tədqiqatın müəyyən məhdudiyyətləri də var. İştirak edən itlərin sayı az olub və əksəriyyəti border kolli cinsindəndir. Bu cins sosial siqnalları yaxşı anlamaq qabiliyyəti ilə tanınır. Gələcək araşdırmalarda müxtəlif cinslər arasında fərqlərin olub-olmadığı yoxlanılmalıdır.
Alimlər indi daha “it mərkəzli” yanaşma ilə işləməyi planlaşdırır. Ernandes-Perez deyib: “İtlərin emosiyalarımıza nə qədər diqqətli olduğunu dərk etməklə, onların öz emosiyalarını necə ifadə etdiyini də daha yaxşı anlamağa çalışa bilərik. Emosiyalar növlər arasında əlaqə yaradan güclü bir ünsiyyət formasıdır.”
08:32 11.09.2026
Oxunuş sayı: 55