Paşinyan: Qarabağ hərəkatının davamı yeni müharibə deməkdir
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı Qarabağ məsələsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
O bildirib ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası Qarabağ hərəkatını davam etdirməmək qərarı verib və bu hərəkatın davamı birbaşa müharibəyə gətirib çıxara bilər.
Paşinyan vurğulayıb ki, sülh yolunun seçilməsi mümkün yeni qarşıdurmaların qarşısını almağa xidmət edir. Onun sözlərinə görə, Qarabağ hərəkatı adı altında Ermənistan uzun illər xarici geosiyasi maraqların təsiri altına düşüb və bu, ölkənin əsas problemlərindən birinə çevrilib.
Baş nazir həmçinin 2020-ci il hadisələrinə toxunaraq bildirib ki, Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi görülən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı faktiki olaraq ölkəni müdafiə etməyib. O, bu fikri Aleksandr Lukaşenkonun açıqlamalarına istinadla əsaslandırıb.
Paşinyan çıxışında separatçı qüvvələri də tənqid edərək onların uzun illər Qarabağ əhalisini “girov” saxladığını və bölgədə, xüsusilə təhsil sahəsində yetərli inkişafın qarşısını aldığını iddia edib. O əlavə edib ki, keyfiyyətli təhsil imkanları əsasən məhdud sayda insan üçün əlçatan olub.
Bununla yanaşı, Ermənistanın keçmiş hərbi və siyasi elitalarını sərt tənqid edən Paşinyan onları “qorxaq xainlər” adlandıraraq ölkənin və Qarabağ xalqının taleyini təhlükə altına atmaqda günahlandırıb.
11:34 26.03.2026
Oxunuş sayı: 59