Kim Çen In: İrandakı müharibə nüvə silahına sahib olmağın vacibliyini təsdiqləyir
Şimali Koreya lideri Kim Çen In Xalq Məclisində çıxışı zamanı bildirib ki, İranda baş verən müharibə nüvə silahına sahib olmağın strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, mövcud vəziyyət rəqiblərin “şirin danışıqlarını” rədd etməyin və ölkənin nüvə arsenalını qorumağın düzgün qərar olduğunu açıq şəkildə nümayiş etdirir. Kim Çen In vurğulayıb ki, Şimali Koreya artıq təhdid altında olan ölkə deyil, əksinə təhdid yaratmaq gücünə malikdir.
Lider əlavə edib ki, hökumət nüvə dövləti statusunu daha da gücləndirməkdə qərarlıdır.
Xatırladaq ki, Şimali Koreya 2003-cü ildə Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə-dən rəsmi şəkildə çıxıb. 2006-cı ildə isə ölkə ilk nüvə sınağını həyata keçirərək faktiki olaraq nüvə silahına sahib olduğunu təsdiqləyib. O vaxtdan bəri Pxenyanın nüvə proqramı beynəlxalq danışıqların əsas mövzularından biri olaraq qalır.
09:00 26.03.2026
Oxunuş sayı: 57