İncəsənət müəllimlərinin attestasiyası keyfiyyətə müsbət təsir göstərə bilər - Ekspert
Azərbaycanda incəsənət təhsilinin keyfiyyətinin yüksəldilməsi və bu sahədə peşəkar kadrların hazırlanması daim aktual məsələlərdən biri kimi gündəmdədir. Xüsusilə incəsənət məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının müasir tələblərə uyğun olub-olmaması onların fəaliyyətinin müntəzəm qiymətləndirilməsini zəruri edir. Bu baxımdan, müəllimlərin müəyyən dövrlərdə attestasiyadan keçirilməsi təhsilin keyfiyyətinə birbaşa təsir edən vacib mexanizmlərdən hesab olunur. Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu tərəfindən səsləndirilən fikirlər də göstərir ki, attestasiya imtahanları real nəticələr verir və bu prosesin 5 və ya 7 ildən bir mütəmadi keçirilməsi məqsədəuyğundur.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Crossmedia.az-a bildirib:
“Azərbaycanda bir neçə ildir Elm və Təhsil Nazirliyinin tabeliyindəki orta məktəblərdə attestasiya prosesi uğurla həyata keçirilir. Müxtəlif ixtisaslar üzrə müəllimlərin attestasiyası keçirilir və bu nəticələrə görə yüksək nəticə göstərənlərin əmək haqqına əlavələr olunur. Attestasiyadan keçməyənlər üçün isə əlavə attestasiyaya girmə şansı yaradılır.

Burada attestasiyadan sadəcə müəyyən kateqoriyalı, müəyyən yaş həddi olan və ya ilk fəaliyyətə başlayan, MİQ mərkəzi imtahanı ilə yeni işə qəbul olunan müəllimlər istisna olmaqla, demək olar ki, Azərbaycan orta məktəb müəllimlərinin əhəmiyyətli bir hissəsi bu prosesdən keçib və bunun müsbət nüansı olub ki, artıq müəllimlərin həm öz fənninə qarşı diqqəti, həm məsuliyyəti artıb və müəllimlər arasında müsbət mənada bir rəqabət formalaşıb.
Eyni prosesin mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən müəllimlərə də tətbiqi, düşünürəm ki, keyfiyyət və rəqabətə müsbət təsir göstərəcək bir nüansdır. Çünki bu sahədə yeniliklər və inkişaflar buna dəlalət edir. Bu cür imtahanın keçirilməsi, qeyd etdiyim kimi, müəllimlərin öz fənninə qarşı məsuliyyətini artırır və bu da tədrisin keyfiyyətinə təsir göstərir. Ona görə düşünürəm ki, bu, müsbət addımdır. Və attestasiyanın 5 ildən bir keçirilməsi ona görə məqsədəuyğundur ki, müəllimlər 2-3 ildən bir deyil, attestasiyadan keçdikdən 5 ildən sonra yenidən prosesə başlayırlar. Yəni bu, həkimlərdə və digər sahələrdə də bənzər təcrübədir. Çünki 5 il kifayət qədər böyük müddətdir ki, orada müxtəlif dəyişikliklər və yeniliklər ola bilər və müəllimlərin onu təqib etməsi, öz üzərlərində işləyərək tətbiq etməsi əhəmiyyətlidir.
Hazırda mədəniyyət və incəsənət istiqamətində də təhsil məsələlərində müəllimlərin işə qəbulunun mərkəzi şəkildə keçirilməsi prosesi gedir və düşünürəm ki, bu imtahanla qəbul olub, sonradan attestasiyadan keçmək ancaq inkişafa töhfə verə bilər".
Mehriban Yariyeva
12:57 23.03.2026
Oxunuş sayı: 54