Azərbaycanda kino sənayesi stimullaşdırılır - Professor
Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Kinematoqrafiya haqqında” qanuna edilən dəyişikliklə qanunvericiliyə “xarici film” anlayışı daxil edilib. Yeni tərifə əsasən, xarici film bütövlükdə xarici prodüserlər tərəfindən istehsal olunan film kimi qəbul olunur.
Bu dəyişiklik Azərbaycan kino sənayesi üçün həm hüquqi aydınlıq yaradır, həm də yerli və xarici film istehsalçıları üçün əsas prinsipləri müəyyən edir. Ekspertlər hesab edirlər ki, bu addım ölkədə film istehsalının daha şəffaf və sistemli şəkildə təşkili, həmçinin yerli kino prodüserlərinin inkişafı üçün yeni imkanlar yaradacaq. Eyni zamanda, xarici filmlərlə əməkdaşlıq və beynəlxalq layihələrin reallaşdırılması üçün də hüquqi baza möhkəmlənir.

Mövzu ilə bağlı professor Qulu Məhərrəmli Crossmedia.az-a açıqlama verib: "Kinematoqrafiya haqqında qanunun olması, əlbəttə ki, çox müsbət hadisədir. Bu, Azərbaycan dövlətinin kino sahəsində siyasətini, əsas parametrlərini göstərir. Bu qanun film istehsalını, xarici ölkə prodüserləri ilə birgə layihələrin reallaşdırılmasını, Azərbaycana tanınmış xarici kino şirkətlərinin və prodüserlərin cəlb olunmasını təmin edir. Bütün bunlar isə Azərbaycanda kino sənayesini inkişaf etdirmək üçün ciddi istiqamətlərdir.
Əsas məsələ yerli kino və serial sənayesini inkişaf etdirməkdir. Bunun üçün prodüserlərin və kino ssenaristlərinin hazırlanması, film çəkilişi üçün şəraitin yaradılması, kino sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsi vacibdir. Bu tədbirlər Azərbaycanda kino sənayesini, bədii və sənədli film çəkilişlərini stimullaşdırmaq üçün mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, qanunun mövcudluğu Azərbaycan kino sahəsində siyasətin əsas istiqamətlərini müəyyən edir və bu sahədə müəyyən nailiyyətlərin əldə olunmasına stimul verir".
Ayhan
15:33 18.03.2026
Oxunuş sayı: 49