“4 səhv 1 düzü aparır” – abituriyentlər niyə narazıdır?
Abituriyentlər qəbul imtahanlarında uzun illərdir tətbiq olunan “4 səhvin 1 düzü aparması” üsulundan ciddi narahatdırlar.
Onlar şikayət edirlər ki, 4 səhv etdikdə bir doğru cavabları silinir və bu, imtahan nəticələrinə mənfi təsir göstərir. Bu üsul, bir çox tələbəyə görə, ədalətli görünmür və onları əlavə stress altına salır.
Abituriyentlər bildirirlər ki, səhvlərinin düzgün cavablarına təsir etməsi onları demotivasiya edir və hazırlaşdıqları biliklərin tam qiymətləndirilmədiyi hissini yaradır.
Belə narazılıqlara baxmayaraq, mütəxəssislər və səlahiyyətlilər bu qaydanın beynəlxalq təcrübədə də tətbiq olunduğunu və təsadüfi cavabların qarşısını almaq üçün nəzərdə tutulduğunu vurğulayırlar.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Crossmedia.az-a açıqlamasında deyib ki, “4 sualın 1 düzü aparması” qaydası abituriyentlər arasında çox ciddi narazılıqlar yaratsa da, bu qabaqlayıcı tədbir hesab olunur:

"Bir çox hallarda abituriyentlər təqribi və yalnız cavabların təxmini uyğunluğunu bildikdə cavablandırır. Yəni sualın cavabını bilmədiyi, həmin istiqamətdə məlumatları olmadığı halda kortəbii cavablamalar baş verir ki, bu da əgər düz çıxarsa ədalətli yanaşma olmur.
Çünki kortəbii surətdə verilən cavablar son nəticədə düzgün çıxmaq ehtimalı yarananda həmin abituriyent öz savadı və biliyi nəticəsində imtahana qoşulmuş abituriyentin haqqına girmiş olur".
V. Oruc həmçinin, “4 səhvin 1 doğrunu aparması” qaydasının bir çox yerlərdə də tətbiq olunduğunu vurğulayıb:
"Beynəlxalq miqyasda da qəbul olunan bu qayda ədalətli yanaşmanı təmin edir. Bundan narahat olmaqdansa, daha çox düzgün cavablara yönlənməlidirlər. Bu qayda əslində imtahandan təsadüfi keçmiş abituriyentlərin sayının azalmasına görədir.
Təsadüfi cavab nəticəsində tələbə adını qazanmağın qarşısını almaq üçün nəzərdə tutulmuş üsuldür. Bu qaydanın ləğv olunması gözlənilmir. Şikayətlər olsa belə, alternativ həllər tapılmasa, bu qaydanın ləğv olunması arzuolunan deyil".
Fatimə
13:09 18.03.2026
Oxunuş sayı: 77