AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Gənclər Akademiyasının təşkilatçılığı ilə “Novruz ənənələri və müasir gənclik” mövzusunda tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının, elmi müəssisə və təşkilatlarının nümayəndələri, gənc alimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Gənclər Akademiyasının sədri kimya üzrə fəlsəfə doktoru, dosent Elmir Babayev gəncləri qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib. O, çıxışında Novruz bayramının əsrlərdən gələn ənənələrinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsin vacibliyinə toxunub.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edərək tədbir iştirakçılarına AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salamlarını və bayram təbrikini çatdırıb, Akademiyada görülən işlərdən və gələcək üçün nəzərdə tutulan layihələrdən danışıb.
Daha sonra tədbirdə məruzələr dinlənilib.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Novruz bayramı milli-mədəni gerçəkliyi generasiya edən dəyərlər sistemi kimi: fəlsəfi baxış” mövzusunda məruzəsində Novruz bayramının semantik fəlsəfəsinə toxunub, bu problemə olan elmi baxışı izah edib.
Sonra AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədova “Azərbaycan folklorunda Novruz: ənənə, yaddaş və mənəvi dəyərlər”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev “Azərbaycan yazılı ədəbiyyatında Novruz ənənələrinin əksi” və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Aynur Saydova “Türk xalqlarının dilində Novruz leksikası” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdən sonra AMEA-nın Rəyasət Heyətinin elmi katibi filologiya elmləri doktoru, dosent Səfa Qarayev Novruzun müxtəlif adət və ənənələrinin tarixi-mifoloji xüsusiyyətləri haqqında danışıb.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.