Bu il buraxılış imtahanları niyə abituriyentlərə çətin gəlib? - Səbəb açıqlandı
Azərbaycanda bu il keçirilən buraxılış imtahanlarının əvvəlki illərlə müqayisədə daha çətin olduğu barədə iddialar abituriyentlər və təhsil ictimaiyyəti arasında geniş müzakirələrə səbəb olub. Xüsusilə sualların mürəkkəbliyi və vaxt çatışmazlığı ilə bağlı səsləndirilən fikirlər imtahan nəticələrinin qəbul prosesinə necə təsir edəcəyi ilə bağlı suallar yaradıb. Mütəxəssislərin fikrincə, imtahanların çətinlik səviyyəsi ümumi nəticələrə təsir edə bilər və bu da ali təhsil müəssisələrinə qəbul zamanı formalaşan keçid ballarının dəyişməsinə səbəb ola bilər. Bu baxımdan, cari ildə qəbul ballarının aşağı düşüb-düşməyəcəyi məsələsi abituriyentlər və valideynlər üçün əsas müzakirə mövzularından birinə çevrilib.
Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə elektron ərizə qəbulu prosesi martın 6-da yekunlaşıb. Bu prosesdə 133 mindən çox abituriyent iştirak edib və onların 120 mindən çoxu cari ilin məzunudur. Beləliklə, bu il ali təhsil müəssisələrinə qəbul üçün 120 mindən artıq abituriyent martın 9-da və 15-də keçirilən buraxılış imtahanlarında iştirak edib. Martın 9-da keçirilən buraxılış imtahanından sonra müəyyən narazılıq və müzakirələr daha çox müşahidə olunurdu. Lakin martın 15-də keçirilən imtahanla bağlı bu cür fikirlər əvvəlki qədər geniş yayılmadı. Doqquz mart tarixində keçirilən imtahandan sonra isə xüsusilə repetitor müəllimlər, valideynlər və abituriyentlərin özləri tərəfindən imtahanın çətinliyi ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi. Bu məsələyə aydınlıq gətirərkən ilk növbədə qeyd etmək lazımdır ki, Dövlət İmtahan Mərkəzi hər il sentyabr ayında Elm və Təhsil Nazirliyinin tam orta təhsil müəssisələri üçün müəyyən etdiyi tədris planına uyğun proqram hazırlayır və bu proqram abituriyent jurnalında nəşr olunur. Bunun məqsədi abituriyentlərin, müəllimlərin və valideynlərin əvvəlcədən hansı mövzular üzrə imtahan sualları ilə qarşılaşacaqlarını bilmələridir. İstər martın 9-da, istərsə də martın 15-də keçirilən imtahanlarda təqdim olunan sualların heç biri proqramdan və ya mövzudan kənar deyil. Yəni heç kim iddia edə bilməz ki, həmin suallar proqram çərçivəsindən kənara çıxıb. Bütün suallar müəyyən olunmuş proqram və mövzular əsasında hazırlanıb".

Ekspert, həmçinin abituriyentlər arasında yaranmış narazılığın əsas səbəbini də qeyd edib: "Əsas səbəblərdən biri abituriyentlərin uzun müddət sadə tipli suallara öyrəşdirilməsi və daha mürəkkəb sual formatlarına kifayət qədər yönləndirilməməsidir. Bir çox abituriyent ilk dəfə belə tipli suallarla qarşılaşdığı üçün çətinlik yaşayıb. Sanki abituriyentlərdə belə bir fikir formalaşmışdı ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi, xüsusilə də buraxılış imtahanlarında suallar əsasən sadə olacaq. Müxtəlif təşkilatların sınaq imtahanlarında yüksək nəticə əldə edən abituriyentlər də eyni nəticəni bu imtahanda gözləyirdilər. Lakin bu yanaşma doğru deyil. Sınaq imtahanları təşkil edən qurumlar, adətən, mövzu üzrə daha sadə suallara üstünlük verirlər və ay ərzində keçirilən mövzu imtahanları ilə işləyirlər. Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanı isə ümumi xarakter daşıyır və bütün mövzuları əhatə edir. Bu amil bəzən həm abituriyentləri, həm də müəllimləri və valideynləri çaşdırır. Digər mühüm səbəblərdən biri isə buraxılış imtahanına qeyri-ciddi yanaşmadır. Halbuki buraxılış imtahanı eyni zamanda qəbul imtahanının birinci mərhələsi hesab olunur. Məlum olduğu kimi, 700 balın 300 balı məhz bu imtahanda formalaşır. Bundan əlavə, V ixtisas qrupu və 11 illik baza üzrə kolleclərə qəbul da məhz bu imtahanın nəticələri əsasında həyata keçirilir. Birinci, ikinci, üçüncü və dördüncü ixtisas qrupları üzrə qəbul prosesində də buraxılış imtahanının nəticələri mühüm rol oynayır. Bu baxımdan buraxılış imtahanı strateji əhəmiyyət daşıyır və ona ciddi yanaşılmalıdır. İmtahanda hər hansı elmi və ya texniki xəta məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, hər iki imtahan ümumilikdə normal qaydada keçirilib. Yalnız dinləmə mətnləri ilə bağlı bəzi hallarda səs problemləri yaşana bilər ki, bu da texniki baxımdan istisna edilə bilməyən hallardandır. Digər müzakirə olunan məsələlərdən biri Azərbaycan dili tapşırıqlarında mətnlərin həcminin böyük olmasıdır. Abituriyentlər həmin mətnləri oxumaq və analiz etmək üçün daha çox vaxt sərf etməli olurlar ki, bu da əlavə vaxt itkisinə səbəb olur. Bu amil nəzərə alınsa, gələcəkdə daha məqsədəuyğun qərarlar qəbul edilə bilər. Əgər mətnlərin həcmi abituriyentlərin vaxt bölgüsünə ciddi təsir edirsə, bu zaman imtahan müddətinin artırılması deyil, mətnlərin həcminin müəyyən qədər azaldılması daha məntiqli və məqsədəuyğun yanaşma hesab edilə bilər. Ümumilikdə isə qeyd etmək lazımdır ki, buraxılış imtahanı qəbul sisteminin mühüm mərhələsidir və hər bir abituriyent bu imtahana yüksək məsuliyyətlə yanaşmalıdır. Yekun olaraq qəbul Bakının aşağı düşməsinə gəldikdə isə gərək nəticələr elan oluna ondan sonra ona uyğun bilinəcək ki, necə olacaq ballar".
Elmir Heydərli
15:37 17.03.2026
Oxunuş sayı: 47