Hamilton şəhərindəki Azərbaycan dili məktəbində Novruz şənliyi keçirilib
Kanadanın Hamilton-Ventvorz Katolik Rayon Təhsil Şurasının (Hamilton-Wentworth Catholic District School Board) nəzdindəki Azərbaycan dili məktəbində Novruz bayramına həsr olunan tədbir keçirilib. Tədbir Hamilton Azərbaycan Cəmiyyətinin rəhbəri Cəmilə Şepherdin təşkilatçılığı ilə məktəbin Azərbaycan dili müəllimi Hörmət Mürşüdovanın təşəbbüsü ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bayram şənliyində şagirdlər milli geyimlərdə Novruz bayramının tarixi, adət-ənənələri və rəmzləri haqqında məlumat veriblər. Təqdimatlar həm Azərbaycan, həm də ingilis dillərində aparılması müxtəlif millətlərdən olan qonaqların və valideynlərin Novruz haqqında daha dolğun məlumat əldə etməsinə şərait yaradıb.
Şagirdlər Novruza aid şeirlər səsləndirib, Azərbaycan milli rəqslərini oynayıblar.
Uşaqların çıxışları Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirib.
Tədbirdə iştirak edən valideynlər və qonaqlar təşkilatçılara təşəkkürlərini bildiriblər. Onlar vurğulayıblar ki, belə tədbirlər xaricdə yaşayan uşaqların öz ana dillərini və milli mənsubiyyətlərini daha yaxşı tanımasına, eyni zamanda Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğinə mühüm töhfə verir.
Novruz şənliyi Kanadada yaşayan Azərbaycan icması üçün milli dəyərlərin yeni nəslə ötürüldüyü əlamətdar hadisə kimi yadda qalıb.
18:50 16.03.2026
Oxunuş sayı: 40