“FC Qarabağ Tallinn” komandası Estoniya futzal çempionatının yarımfinalına yüksəlib
Estoniyada fəaliyyət göstərən “FC Qarabağ Tallinn” komandası xaricdə yaşayan azərbaycanlı gənclərin idman vasitəsilə bir araya gəlməsinə, sağlam həyat tərzinin təşviqinə və Azərbaycan adının beynəlxalq idman aləmində tanıdılmasına öz töhfəsini verməkdə davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Belə ki, “FC Qarabağ Tallinn” komandası Estoniya futzal çempionatında uğurlu oyun nümayiş etdirərək yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Komanda bu mərhələdə “Tartu Ravens” kollektivi ilə üz-üzə gəlib. Səfərdə baş tutan həlledici oyun gərgin mübarizə şəraitində keçib. Komandamız oyun nizam-intizamı, əzmkarlıq və komanda ruhu nümayiş etdirərək meydanda üstünlüyünü qoruyub. Qarşılaşma “FC Qarabağ Tallinn” komandasının 8:5 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi “FC Qarabağ Tallinn” komandasının fəaliyyətinə dəstək göstərir.
14:52 16.03.2026
Oxunuş sayı: 34