Cahangir Novruzova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu təqdim olunub
Prezident İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva həm Azərbaycanda, həm də sərhədlərimizdən kənarda yaşayan mədəniyyət xadimlərinə daim diqqət və qayğı göstərir, soydaşlarımızın gördükləri işlər yüksək qiymətləndirirlər. “Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2026-cı il tarixli Sərəncamı həmin diqqət və qayğının daha bir təzahürüdür.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bu sərəncamla təltif olunan soydaşlarımızdan biri də Xalq artisti, Çukurova Universitetinin professoru, tanınmış teatr və kino aktyoru, rejissor Cahangir Novruzovdur. O, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Xalq artisti Cahangir Novruzovla görüşüb və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu ona təqdim edib.
Görüşdə böyük sənətkarın milli mədəniyyətimizi təbliğ etmək istiqamətindəki əzmkarlığından, pedoqoji fəaliyyətinin zənginliyindən danışılıb, yaratdığı obrazların, yüksək sənətkarlığının təkcə Azərbaycanda deyil, həm də qardaş ölkələrdə, eləcə də beynəlxalq arenada əhəmiyyətli izlər buraxdığı ifadə olunub.
Xalq artisti Azərbaycan dövlətinin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi həssas münasibətin onda gözəl təəssürat yaratdığını nəzərə çatdırıb, bu qayğıya görə minnətdarlığını bildirib. Qeyd edib ki, yüksək mükafata layiq görülməyi onun fəaliyyətinin dövlətimizin diqqətində olduğunun bariz nümunəsidir.
Xatırladaq ki, Cahangir Novruzov 2020-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.
15:10 13.03.2026
Oxunuş sayı: 18