Qaraçalardan Milana uzanan uğur yolu
Əslən Gürcüstanın Aşağı Kartli bölgəsindən olan soydaşımız, dizayner Qalib Həsənov dünya moda aləminin diqqət mərkəzindədir.
Crossmedia.az xəbər verir ki, “Vogue” jurnalının “parlayan ulduz” adlandırdığı gənc dizayner yeni “İnstitusiya” (Institution) adlı layihəsi ilə Milan Moda Həftəsinin açılışını edərək böyük rəğbət qazanıb.
Dünyanın ən nüfuzlu moda tədbirlərindən sayılan Milan Moda Həftəsində solo debüt hər bir dizayner üçün böyük nailiyyətdir.
30 unikal geyimdən ibarət kolleksiya incəsənətlə modanı özündə birləşdirir. Burada, xüsusilə Azərbaycanın zəngin mədəni irsini və estetik dəyərlərini əks etdirən milli motivlər yer alıb.
Dizaynerin kolleksiyasında ən diqqətçəkən məqamlardan biri dünyanın ilk müsəlman qadın deputatı, Qaraçalar sakini Pərixanım Sofiyevaya həsr olunan hissədir. Bu hissədə moda vasitəsilə qadın azadlığı və regionun tarixi keçmişi Avropa auditoriyasına çatdırılıb. Kolleksiyada, həmçinin azərbaycanlı qadınların toxuduğu ənənəvi xalçalar və tarixi örtüklər müasir dizaynla sintez edilib.
Qalib Həsənovun uğur yolu 2013-cü ildə Tbilisidə keçirilən "BENEXT" müsabiqəsində qazandığı qələbə ilə başlayıb. Bu nailiyyət ona Milanın nüfuzlu moda ali təhsil müəssisəsi "Haute Future Fashion Academy"də təhsil almaq imkanı yaradıb və o, İtaliyada həm oxuyaraq, həm də çalışaraq karyerasını qurmağa nail olub. Bu günə qədər Ledi Qaqa və Beyons kimi dünya ulduzları ilə əməkdaşlıq edib. Onun ən böyük arzusu Gürcüstanda azərbaycanlı qadınların əl işi olan xalçaçılıq sənətini qorumaq və bu qədim irsi beynəlxalq səviyyədə yaşatmaqdır.
13:40 13.03.2026
Oxunuş sayı: 18