Koreyadakı azərbaycanlı gənclər arasında intellektual yarış keçirilib
Koreya Respublikasında yaşayan azərbaycanlı gənclər arasında ilk dəfə “Breyn rinq” təşkil olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Paytaxt Seulda keçirilən yarış Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Koreyada yaşayan Azərbaycan icmasının fəal üzvü, Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısı Rauf Hüseynovun təşəbbüsü və təşkilatçılığı baş tutub.
Koreya Respublikasında yaşayan və təhsil alan 100-ə yaxın azərbaycanlı gənc 10 komandada mübarizə aparıb. İştirakçılar Azərbaycan tarixini, mədəniyyətini, milli musiqisini və digər sahələri əhatə edən suallar üzrə öz biliklərini sınayıblar. Böyük maraq və rəqabət şəraitində keçən yarışın sonunda qalib komandalar mükafatlandırılıb, iştirakçılara medal və kuboklar verilib.
Gələcəkdə “Breyn rinq”in daha geniş miqyasda və mütəmadi şəkildə keçirilməsi planlaşdırılır.
18:15 12.03.2026
Oxunuş sayı: 52