Xaricdə yaşayan azyaşlı soydaşlarımız üçün “Səməni” foto müsabiqəsi elan edilib
Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən “Xarı-Bülbül” Azərbaycan Mədəniyyət Evi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaqlar üçün “Səməni” adlı foto müsabiqəsinə start verib.
Crossmedia.az xəbər verir ki, müsabiqənin məqsədi Novruz bayramı ilə bağlı ənənələri qoruyub saxlamaq, yaşatmaq, xaricdə yaşayan soydaşlarımızın milli-mədəni irsimizə marağını artırmaq və uşaqlar arasında yaradıcılığı təşviq etməkdir.
Müsabiqədə iştirak etmək istəyənlər səməni ilə çəkilən fotolarını adlarını və yaşadıqları ölkəni göstərməklə “Xarı-Bülbül” Azərbaycan Mədəniyyət Evinin “Instagram” hesabına mesajla göndərə bilərlər. Müsabiqənin nəticəsi 30 mart tarixində elan olunacaq, qalib sertifikat və hədiyyə ilə mükafatlandırılacaq.
Müsabiqəyə qeydiyyat 27 mart 2026-cı il tarixinə qədər davam edəcək.
14:43 12.03.2026
Oxunuş sayı: 44