Stokholmda “Bakı 1501” tarixi romanının təqdimatı keçirilib
İsveçin paytaxtı Stokholmun Sollentuna kitabxanasının Aniora zalında Azərbaycan Xalq yazıçısı Əzizə Cəfərzadənin ”Bakı 1501” tarixi romanının təqdimatı keçirilib. İngilis dilində nəşr olunan roman İsveçdə fəaliyyət göstərən ”Lava” nəşriyyatında işıq üzü görüb.
Crossmedia.az xəbər verir ki, İsveçdə fəaliyyət göstərən ”Qobustan - Azərbaycan Aydınlar Ocağı”nın təşkilatçılığı ilə baş tutan tədbirə İsveçin müxtəlif şəhərlərindən ədəbiyyatsevərlər qatılıb. Tədbirin aparıcısı, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Stokholm şəhəri üzrə koordinatoru Ayda Əmir Haşimi bu cür tədbirlərin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına, eyni zamanda ölkələr arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini söyləyib. “Bakı 1501” əsərinin yenidən aktuallaşdırılması milli ruhu və azadlıq ideyalarını əks etdirən mühüm ədəbi hadisə adlandırıb.
Romanın tərcüməçisi, Göteborg Universitetinin dosenti, elmlər doktoru Səadət Kərimi isə Əzizə Cəfərzadənin həyat və yaradıcılığı, eləcə də “Bakı 1501” romanının mövzusu, bədii xüsusiyyətləri və tarixi əhəmiyyəti barədə geniş məlumat verdi. O vurğulayıb ki, türk coğrafiyası üçün həssas bir tarixi dövrdən bəhs edən bu əsər təkcə tarixi roman deyil, həm də milli kimlik və azadlıq ruhunun bədii ifadəsidir.
Stokholmda yaşayan azərbaycanlı yazıçı Eluca Atalı romanın mövzu, janr və dil xüsusiyyətləri barədə danışaraq, onun Azərbaycan ədəbiyyatındakı xüsusi yerindən bəhs edib.
Azərbaycanlı tələbə Xəyal Seyidov isə gənc oxucu kimi əsər haqqında fikirlərini bölüşüb. Romanı Azərbaycan xalqının milli kimliyini və azadlıq ruhunu əks etdirən mühüm ədəbi nümunə adlandırıb.
Tədbir bədii hissə ilə davam edib. İsveçdə yaşayan azərbaycanlı teatr sənətçisi və rejissor Əlif Cahangir və tanınmış türk opera ifaçısı Burcu Kuru romandan seçilmiş parçaları Azərbaycan və ingilis dillərində bədii qiraət ediblər. Pianoçu Aynur Məlikovanın ifasında səsləndirilən Azərbaycan klassik musiqiləri tədbirə xüsusi rəng qatıb.
17:05 11.03.2026
Oxunuş sayı: 40