Brüsseldə Azərbaycan qadınlarının cəmiyyətin inkişafındakı rolundan bəhs olunub
Belçikanın paytaxtı Brüsseldə fəaliyyət göstərən Azərbaycan Evində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan bayram tədbiri keçirilib. BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyası və Brüssel Azərbaycan Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Belçikanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlı qadınlar iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycan qadınlarının dövlətimizin inkişafında, cəmiyyətimizin tərəqqisində və milli dəyərlərimizin qorunmasındakı mühüm rolu vurğulanıb. Bildirilib ki, Azərbaycan qadını tarixən həm ailə dəyərlərinin qoruyucusu, milli-mənəvi irsimizin daşıyıcısı, həm də fəal vətəndaş mövqeyi ilə dövlətimizin inkişafında aparıcı rol oynayan güclü ictimai qüvvədir. Bu yüksək keyfiyyətləri öz fəaliyyətində parlaq şəkildə təcəssüm etdirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva hazırda Azərbaycan qadınının dünyadakı nümunəvi simasıdır. Onun humanitar layihələri, milli-mədəni irsimizin qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində həyata keçirdiyi təşəbbüslər xanımların cəmiyyətimizin inkişafındakı rolunu bir daha nümayiş etdirir.
BUTAM Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Yasəmən Abbasi qeyd edib ki, Azərbaycan qadını tarix boyu xalqımızın mənəvi dayağı, dövlətçilik ənənələrinin qoruyucusu və cəmiyyətimizin inkişafına töhfə verən aparıcı qüvvələrdən biri olub. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, həyata keçirilən layihələr və perspektiv planlar barədə də geniş məlumat verib.
Tədbir çərçivəsində Azərbaycan tarixində və mədəniyyətində mühüm iz qoyan görkəmli qadınlar xatırlanıb. Onların elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai-siyasi sahələrdə əldə etdikləri nailiyyətlərdən, həmçinin cəmiyyətimizin inkişafına verdikləri töhfələrdən bəhs olunub. Xüsusi olaraq Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan, bəstəkar Şəfiqə Axundova və ilk azərbaycanlı opera müğənnilərindən biri olan Şövkət Məmmədova və digər tanınmış qadınların fəaliyyəti barədə geniş məlumat verilib. Tədbirin davamında Azərbaycan qadınlarının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin iştirakçısı olan xanımlar birlikdə xüsusi rəsm tablosu ərsəyə gətiriblər. Hər bir iştirakçı öz incə və fərdi toxunuşu ilə bu tabloda iz qoyub.
Görüşün sonunda iştirakçılara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu kimi görüşlər xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsinə, diaspor daxilində həmrəyliyin güclənməsinə, milli dəyərlərimizin qorunmasına mühüm töhfə verir.
13:30 11.03.2026
Oxunuş sayı: 33