Rusiya-Ukrayna müharibəsi 1418 günü keçdi: itkilər artır, danışıqlar dalana dirənib
Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə ötən ay 1418 günü geridə qoyub. Bu rəqəm tarixi bir həddi keçərək, Moskvanın İkinci Dünya müharibəsində nasist Almaniyasını məğlub etməsi üçün tələb olunan müddəti də geridə qoyub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Qırmızı Ordu Berlinə qədər irəlilədiyi halda, Rusiya hələ də Ukraynanın şərqindəki sənaye bölgələrini tam nəzarətə götürə bilməyib. 2022-ci ilin fevralında Kiyevi ələ keçirmək və paytaxtda özünə yaxın hökumət qurmaq planı baş tutmadıqdan sonra müharibə ağır itkilərlə müşayiət olunan mövqe savaşına çevrilib.
Müxtəlif hesablamalara əsasən, müharibə başlayandan bəri hər iki tərəfdən təxminən 2 milyon hərbçi həlak olub, yaralanıb və ya itkin düşüb. Bu, Avropada İkinci Dünya müharibəsindən bəri ən dağıdıcı qarşıdurma kimi qiymətləndirilir.
Son iki ildə Rusiya qüvvələri Donetsk vilayətində cəmi 50 kilometr irəliləyə bilib. ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesablamalarına görə, Rusiya ordusunun ümumi itkiləri 1,2 milyon nəfərə çatır, onlardan 325 mini həlak olub. Ukrayna tərəfinin itkiləri isə 600 min nəfər, o cümlədən 140 min ölü olaraq qiymətləndirilir. Hesabatda bildirilir ki, Rusiya son iki ildə orta hesabla gündə 70 metr irəliləyib.
Qış mövsümü Ukrayna üçün xüsusilə çətin keçib. Rusiya enerji infrastrukturuna zərbələri artırıb, nəticədə Kiyevdə və digər şəhərlərdə elektrik kəsintiləri tətbiq olunub. Moskva həmçinin elektrik ötürücü xətlərini hədəfə alaraq ölkənin enerji sistemini zəiflətməyə çalışıb.
Ukrayna isə cavab olaraq uzaqmənzilli pilotsuz aparatlarla Rusiyanın neft emalı zavodlarına və enerji obyektlərinə zərbələr endirib. Bundan başqa, Ukrayna qüvvələri Qara dənizdə bir neçə Rusiya hərbi gəmisini sıradan çıxarıb, nəticədə Moskva donanmasının bir hissəsini işğal olunmuş Krımdan Novorossiyskə köçürüb. İyun ayında “Pautina” kod adlı əməliyyat çərçivəsində Ukrayna pilotsuz aparatlarla Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi aviabazalara zərbələr endirib.
ABŞ-ın vasitəçilik səyləri isə hələlik nəticə verməyib. Prezident Donald Tramp əvvəllər müharibəni qısa müddətdə bitirəcəyini vəd etsə də, tərəflərin şərtləri bir-birinə zidd olaraq qalır. Rusiya Ukraynanın Donetsk vilayətinin nəzarətdə saxladığı hissəsindən çıxmasını, NATO-ya üzvlükdən imtina etməsini və hərbi potensialını məhdudlaşdırmasını tələb edir. Kiyev isə mövcud təmas xətti boyunca atəşkəs istəyir və ərazi güzəştlərini qəbul etmir.
Analitiklərə görə, Kreml üçün müharibənin məqsədi yalnız ərazi deyil, Ukraynanın tam şəkildə Rusiyanın təsir dairəsinə qaytarılmasıdır. Eyni zamanda, Vaşinqtonun hər iki tərəfə təzyiq göstərərək yaxın aylarda razılaşma əldə etməyə çalışacağı ehtimal edilir. Lakin mövcud mövqelər nəzərə alınarsa, yaxın perspektivdə sürətli sülh razılaşması real görünmür.
01:03 23.02.2026
Oxunuş sayı: 429