“Azərbaycan Mədəniyyəti–2040” konsepsiyası bütün cəmiyyətin sənədidir -RƏY
Azərbaycanın mədəniyyət siyasətində yeni mərhələnin əsasları artıq strateji yanaşmalar üzərində qurulur. Qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunması və eyni zamanda müasir çağırışlara uyğun inkişafı təmin etmək üçün dövlət tərəfindən sistemli və çoxşaxəli islahatlar həyata keçirilir. Bu kontekstdə “Azərbaycan Mədəniyyəti–2040” Konsepsiyası yalnız bir sahə sənədi deyil, bütövlükdə cəmiyyətin mədəni gələcəyinə yönəlmiş uzunmüddətli yol xəritəsi kimi çıxış edir.
Məhz bu yanaşmanın mahiyyəti mədəniyyət naziri Adil Kərimlinin Bakıda keçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda səsləndirdiyi fikirlərdə də öz əksini tapır. Nazir vurğulayıb ki, mədəniyyət artıq dar sahə anlayışı deyil, dövlətin strateji inkişaf modelinin mühüm tərkib hissəsinə çevrilib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Prezident İlham Əliyevin sərəncamı ilə müəyyənləşən yeni mədəniyyət strategiyası Azərbaycan mədəniyyətinin inkişafında yeni mərhələnin əsasları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı mühüm sərəncamla qoyulmuşdur. Dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti–2040” konsepsiyası mədəniyyət sahəsinə uzunmüddətli, sistemli və strateji yanaşmanın ifadəsi olmaqla, bu sahənin ölkənin ümumi inkişaf strategiyasındakı rolunu daha da gücləndirmişdir. Prezident İlham Əliyevin mədəniyyət siyasətinin əsas mahiyyəti milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, onların müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilməsidir. Dövlət başçısının sərəncamı mədəniyyəti yalnız irs kimi deyil, cəmiyyətin intellektual, sosial və mənəvi inkişafına birbaşa təsir göstərən strateji sahə kimi təqdim edir. “Azərbaycan Mədəniyyəti–2040” konsepsiyası məhz bu baxışın konseptual çərçivəsidir".
Deputat, həmçinin sənəddə mədəniyyət sahəsində institusional islahatların aparılması, yaradıcılıq potensialının dəstəklənməsi, mədəni irsin qorunması və beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilmiş olduğunu qeyd edib: "Bu yanaşma mədəniyyətin yalnız bir idarəetmə sahəsi deyil, bütövlükdə cəmiyyətin iştirakı ilə inkişaf edən canlı bir sistem olduğunu təsdiqləyir. Bu strateji sənədin əhəmiyyəti ondan ibarətdir ki, o, mədəniyyət sahəsində fəaliyyətin yalnız bugünkü deyil, gələcək onilliklər üçün yol xəritəsini müəyyən edir. Prezident İlham Əliyevin sərəncamı mədəniyyətin dövlət siyasətindəki yerini daha da möhkəmləndirərək, bu sahədə ardıcıl və məqsədyönlü fəaliyyətin hüquqi və ideoloji əsaslarını formalaşdırmışdır.
Mədəniyyət naziri Adil Kərimlinin də vurğuladığı kimi, “Azərbaycan Mədəniyyəti–2040” konsepsiyası təkcə Mədəniyyət Nazirliyinin deyil, bütün cəmiyyətin sənədidir. Bu yanaşma mədəniyyətin dövlət–cəmiyyət münasibətlərində birləşdirici rolunu ön plana çıxarır və ictimai iştirakçılığı təşviq edir. Bu gün Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən çoxşaxəli və sistemli fəaliyyət məhz Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttin praktiki nəticəsidir. Regionlarda mədəni infrastrukturun yenilənməsi, yaradıcılıq mühitinin genişləndirilməsi, milli irsin qorunması və beynəlxalq platformalarda Azərbaycan mədəniyyətinin təbliği bu siyasətin əsas istiqamətlərini təşkil edir. Qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Mədəniyyəti–2040” konsepsiyası mədəniyyət sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı olmaqla, milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm strateji sənəd kimi çıxış edir. Bu sənəd Azərbaycanın mədəni inkişafını təsadüfi proseslərdən uzaqlaşdıraraq, planlı, davamlı və dövlətçilik prinsiplərinə əsaslanan yol üzrə irəliləməsini təmin edir".
Elmir Heydərli
13:53 10.02.2026
Oxunuş sayı: 557