Putin-Tramp danışığının pərdəarxası müharibəni dayandıracaq? Politoloqdan SƏRT PROQNOZ
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında baş tutan 90 dəqiqəlik telefon danışığı Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səylərin yenidən gündəmə gəlməsi fonunda diqqət çəkib. Oktyabrın 9-da keçirilən söhbətdə tərəflər münaqişənin həlli perspektivlərini, sülh danışıqlarının bərpası imkanlarını və ikitərəfli münasibətləri müzakirə ediblər. Kremlin açıqlamasına görə, Putin Ukraynanın hücumları ilə bağlı iddialarını irəli sürərək danışıqların dərhal bərpasının mümkünlüyünü şübhə altına alıb. Beləliklə, söhbətin dostluq şəraitində keçdiyi bildirilsə də, əsas diqqət müharibənin taleyi və diplomatik prosesin gələcək istiqamətinə yönəlib.
Crossmedia.az-a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, müharibənin dayandırılması ilə bağlı hər hansı razılaşmanın əldə olunacağına inanmır. Onun sözlərinə görə, Tramp əvvəlki açıqlamalarında da münaqişələri həll etdiyini iddia etsə də, Rusiya-Ukrayna müharibəsi hələ də davam edir:

“Düşünmürəm ki, hansısa razılaşma əldə etmək mümkün olsun. Tramp indiyə qədər həll etdiyi müharibələrin sayından danışır, amma Rusiya-Ukrayna müharibəsini dayandıra bilməyib. Hazırda onun prezidentlik müddətinin son mərhələsinə doğru irəliləməsi də bu məsələdə diqqətə alınmalı amillərdəndir”, - deyə politoloq qeyd edib.
Əhəd Məmmədlinin fikrincə, Rusiya Prezidenti Vladimir Putinin əsas məqsədlərindən biri ABŞ-nin Ukraynaya dəstəyini dayandırması və Rusiyanın Donbasın qalan hissəsi üzərində nəzarəti ələ keçirməsidir. Politoloq hesab edir ki, Moskva müharibəni öz şərtləri daxilində başa çatdırmağa çalışır.
“Putinin əsas məqsədi Amerikanın Ukraynaya dəstəyini dayandırması və Rusiyanın Donbasın qalan hissəsini də ələ keçirməsidir. Bundan sonra müharibəni birtərəfli qaydada dayandırmağa çalışa bilər. Çünki müharibə uzandıqca Rusiyada da suallar yaranır ki, bu qədər itki və dağıntıya baxmayaraq, Donbasın tam işğalı niyə mümkün olmayıb? Putinin Ukrayna rəhbərliyinə Donbasdan çəkilməklə müharibəni başa çatdırmaq barədə mesajları da bu kontekstdə qiymətləndirilə bilər”, - deyə o bildirib.
Politoloq Ukrayna Prezidenti Volodimir Zelenskinin də Qərbin dəstəyindən ciddi şəkildə asılı olduğunu düşünür. Onun sözlərinə görə, Ukraynanın hərbi imkanları ABŞ və Avropa ölkələrinin təqdim etdiyi silah və digər yardımlarla sıx bağlıdır.
Əhəd Məmmədli qeyd edib ki, ABŞ-da qərarların yalnız prezidentin mövqeyindən asılı olmadığını da nəzərə almaq lazımdır. Onun fikrincə, ölkədə müdafiə sənayesi və silah istehsalı ilə məşğul olan şirkətlərin maraqları da Ukraynaya hərbi dəstək məsələsində rol oynaya bilər.
Politoloq hazırkı vəziyyəti mövqe müharibəsi kimi xarakterizə edib. Onun sözlərinə görə, tərəflərdən heç biri həlledici nəticə əldə edə bilmir, eyni zamanda müharibəni dayandırmaq üçün ortaq mövqeyə gəlməkdə çətinlik çəkir.
“Hazırda cəbhə xəttində mövqe döyüşləri gedir. Rusiya Donbası tam ələ keçirə bilmir, Ukrayna isə Rusiyanı məğlub edərək itirdiyi ərazilərin hamısını azad edə bilmir. Hər iki tərəf yorulur və tükənir, amma müharibəni dayandıra bilmirlər. Mənim fikrimcə, müharibənin dayandırılması həm Putin, həm də Zelenski üçün ciddi siyasi nəticələr doğura bilər. Bu vəziyyətdə müharibənin ağır nəticələrini daha çox Ukrayna hiss etsə də, Rusiya da itkilərin və müharibənin yaratdığı problemlərin təsirini getdikcə daha çox yaşayır”, - deyə Əhəd Məmmədli fikirlərini yekunlaşdırıb.
Nigar Xəlilli
20:50 10.10.2026
Oxunuş sayı: 66