Azərbaycanla İtaliya mədəniyyət sahəsində əməkdaşlığı müzakirə edib
Mədəniyyət naziri Adil Kərimli İtaliyanın Azərbaycancakı səfiri Luka Di Canfrançesko ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Adil Kərimli Azərbaycanla İtaliya arasında uzun illərdir mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin mədəniyyət sahəsində də uğurlu əməkdaşlıq üçün əlavə zəmin yaratdığını deyib.
Qeyd olunub ki, iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri üzrə əlaqələr ildən-ilə inkişaf edir. Əməkdaşlıq tarixi-mədəni irsin qorunması və bərpası, musiqi, teatr, incəsənət təhsili, memarlıq, dizayn və s. kimi geniş spektri əhatə edir.
Nazir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin aktiv fəaliyyət göstərməsini xüsusi vurğulayıb.
Luka Di Canfrançesko ölkəsinin Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib.
Diplomat həmçinin Heydər Əliyev Fondunun İtaliya və Vatikanda tarixi-dini mirasın bərpasına verdiyi töhfələri minnətdarlıqla yada salıb.
Söhbət zamanı İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti xüsusi qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.(Report)
18:10 03.02.2026
Oxunuş sayı: 387