Ərdoğandan Netanyahuya sərt cavab:Türkiyənin maraqları tapdalanmayacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunun İsrail–Yunanıstan–Kipr sammitində səsləndirdiyi bəyanatlara münasibət bildirib. Ərdoğan vurğulayıb ki, Ankara nə digər ölkələrin hüquqlarını pozur, nə də öz milli maraqlarının tapdalanmasına imkan verəcək.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, Türkiyə Şərqi Aralıq dənizi və Egey dənizində öz hüquqlarını qorumaqda qətiyyətlidir və türklərin yaşadığı Kiprin şimalında türk-kiprli icmasının hüquqlarının pozulmasına yol verməyəcək. Prezident qeyd edib ki, istənilən razılaşma və ya verilən “mesajlar” Türkiyənin mövqeyinə təsir göstərməyəcək.
Ərdoğan əlavə edib ki, Ankara beynəlxalq hüquq normaları və ikitərəfli razılaşmalar çərçivəsində fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, bu açıqlamalar Netanyahunun dekabrın 22-də İsrail–Yunanıstan–Kipr sammitində təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı bəyanatlarından sonra səsləndirilib.
19:01 25.12.2025
Oxunuş sayı: 3449