Ov tüfəngi ilə ölüm: Silah qanuni idisə, məsuliyyət necə müəyyənləşir?
Gədəbəy rayonunun Qızıltorpaq kəndində 62 yaşlı kişinin ov tüfəngindən açılan atəş nəticəsində ölməsi silahların saxlanılması və onlardan istifadə qaydalarını yenidən gündəmə gətirib. Hadisə sentyabrın 14-də qeydə alınıb və ilkin məlumata görə, 1964-cü il təvəllüdlü Azər Quliyev yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma başlanıb. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi və atəşin kim tərəfindən açıldığı ilə bağlı yekun məlumat açıqlanmayıb. Bu səbəbdən əsas suallardan biri də hadisədə istifadə olunan ov tüfənginin qanuni əsaslarla əldə edilib-edilməməsidir. Azərbaycanda odlu silahın əldə edilməsi, saxlanılması, daşınması və istifadəsi xüsusi hüquqi qaydalarla tənzimlənir. Qanuni şəkildə əldə edilmiş silahın da sahibi onu yalnız müəyyən edilmiş tələblərə uyğun saxlamalı və istifadə etməlidir. Əgər silah qanunsuz əldə edilib və ya saxlanılıbsa, hadisə zamanı ondan istifadə edilməsi ilə yanaşı, silahla bağlı ayrıca cinayət məsuliyyəti də yarana bilər. Belə hallarda hüquqi qiymətləndirmə həm silahın statusundan, həm də atəş nəticəsində baş verən ölümün hansı şəraitdə və kimin hərəkəti nəticəsində meydana gəlməsindən asılı olacaq.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Crossmedia.az-a açıqlamasında bildirib:
“Azərbaycanda qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə məsuliyyət yaradır. Bu əməl 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin əməllər təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya digər ağırlaşdırıcı hallarda törədildikdə isə cəza müddəti 5 ilədək azadlıqdan məhrumetməyə qədər artırıla bilər. Silahın qanuni yolla əldə edilməsi isə “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yaşı azı 21 olan şəxslər mülki odlu silah əldə etmək hüququna malikdir. Şəxs qeydiyyatda olduğu ərazi üzrə polis idarəsinə müraciət etməlidir. Tələb olunan sənədlər təqdim edildikdən sonra şəxs müvafiq tibbi və digər yoxlamalardan keçir. Yoxlamaların nəticəsi müsbət olduğu halda silah əldə etməyə icazə verilir. Qanuni yolla silah əldə etmiş şəxs onu yalnız müəyyən olunmuş qaydalara uyğun saxlaya və istifadə edə bilər. Qanunla verilmiş icazə silahı başqa şəxsə ötürmək hüququ vermir. Bu tələblərə əməl edilmədiyi halda əməl qanunsuz hesab edilir və cinayət məsuliyyəti yaradır”.
Hüquqşünas qeyd edib ki, bu hadisədə istifadə olunan silahın qanuni olub-olmadığını bilmirik: “Əgər şəxs həmin silahı qanuni əsaslarla saxlayıbsa, silahın özünə görə məsuliyyət daşımır, lakin ondan istifadə edərək kimisə vurub öldürdüyünə görə hüquqi məsuliyyət daşıyır. Əgər silah qanunsuz saxlanılıb və istifadə edilibsə, həmin şəxs həm silahı qanunsuz gəzdirdiyinə və saxladığına görə, həm də törətdiyi cinayət əməlinə (adam öldürməyə) görə ayrı-ayrılıqda məsuliyyətə cəlb olunur”.
Zeynəb Həsən
20:25 15.09.2026
Oxunuş sayı: 45