İsrail Qəzzada HƏMAS-ın komandirini öldürüb
İsrail Müdafiə Ordusu (ÇAXAL) və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağının şimalına zərbə endirib.
Crossmedia.az xəbər verir ki, İsrail tərəfinin məlumatına görə, zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının Cəbəliyə batalyonunun komandiri Əhməd Bataş öldürülüb.
Bildirilib ki, Bataş Qəzza zolağının şimalında briqadanın silahlanmasına cavabdeh olub, həmçinin silah və hərbi avadanlıqların döyüşçülərə çatdırılmasının koordinasiyasında iştirak edib.
ÇAXAL-ın açıqlamasına görə, Bataş son dövrlərdə İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumların hazırlanmasında, eləcə də atəşkəs rejimini pozaraq HƏMAS-ın hərbi imkanlarının bərpasında iştirak edib.
İsrail tərəfi zərbə zamanı mülki əhali üçün riskləri azaltmaq məqsədilə yüksək dəqiqlikli sursatlardan və hava müşahidəsindən istifadə edildiyini bildirib. İsrail qüvvələrinin atəşkəs razılaşmasına uyğun olaraq bölgədə fəaliyyətini davam etdirəcəyi qeyd olunub.
20:11 15.09.2026
Oxunuş sayı: 48