Türk Dövlətləri Təşkilatı yeni siyasi qütb kimi formalaşır - Rəy
Türk Dövlətləri Təşkilatının beş üzv ölkəsi arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi istiqamətində hazırlıqlar aparılır. Hazırda bu imkan Azərbaycan və Türkiyə arasında mövcuddur, yeni mexanizmin Qazaxıstan, Qırğızıstan və Özbəkistanı da əhatə etməsi planlaşdırılır. TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, layihənin beş ölkə üzrə həyata keçirilməsi təşkilatın gündəmindədir və onun mümkün qədər qısa müddətdə tamamlanması üçün hazırlıqlar davam etdirilir. Bu addım vətəndaşların hərəkət imkanlarının genişləndirilməsi ilə yanaşı, Türk dövlətləri arasında humanitar və ictimai əlaqələrin daha da gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Ağ Partiyanın sədri Tural Abbaslı Crossmedia.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə işlərin artıq yekunlaşması gözlənilən idi: “Türk Dövlətləri Təşkilatlarında vətəndaşların bir-birinə şəxsiyyət vəsiqəsi ilə gedib-gəlməsi məsələsi önəmlidir. Bu istiqamətdə artıq işlər bitməli idi. Əgər hələ bitməyibsə, bu özü bir məsələdir”.
Partiya sədri qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq yalnız qarşılıqlı səfərlərlə məhdudlaşmamalıdır: “Səfərlərdən daha çox bu birlik, mən düşünürəm ki, təhsil sistemində, mədəniyyət sistemində, ortaq televiziya məsələsində, ortaq dil və ortaq əlifba məsələsində daha intensiv aparılmalıdır. Çünki adətən səfərlər turistik səfər kimi olur. Gedərsən, gəzərsən, gələrsən”.
Tural Abbaslının sözlərinə görə, təhsil, mədəniyyət və informasiya sahələrində vahid sistemlərin yaradılması inteqrasiyanı daha da gücləndirə bilər. O bildirib: “Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər öz sistemlərində bir-birinin universitetlərinin diplomlarını tanıtsalar, tələbə mübadiləsi aparsalar və mədəniyyət-incəsənət sahəsində, məsələn, muzeylərin, kitabxanaların, arxivlərin xidmətlərindən istifadə üçün Türk dövlətləri öz aralarında vahid bir sistem qursalar, bu daha effektiv olar. Əsasən dil və televiziya məsələlərində də bu istiqamətdə işlərin aparılması vacibdir”.

Ağ Partiyanın sədri vurğulayıb ki, hazırda bu istiqamətdə görülən işlər kənardan daha çox kampaniya xarakterli görünür: “Təəssüflə qeyd etməliyəm ki, kənardan görsənən odur ki, bu Türk Dövlətləri Birliyi daha çox kampaniya xarakterlidir. Bir dönəm başlanılır, bu istiqamətdə işlər görülür, sonra dayandırılır. Ardıcıllıq və planlı iş görünmür. Daha çox kampaniya xarakterli, dönəm-dönəm bu işlər görülür. Amma bir inteqrasiya proqramı, bir yol xəritəsi müəyyən olunsa, müddətlər və zamanlar müəyyənləşdirilsə, daha effektiv olar, nəinki belə epizodik hallarda”.
Tural Abbaslı hesab edir ki, Türk Dövlətləri Təşkilatının böyük potensialı var və bu potensialın real gücə çevrilməsi vacibdir: “Türk Dövlətləri Təşkilatının ümumi potensialı böyükdür və bu potensialın tez bir zamanda siyasi, iqtisadi və hərbi gücə çevrilməsi lazımdır. Çünki yenidən qütbləşən dünyada Türk dövlətlərinin özünün bir qütbünün olması lazımdır. Təəssüflə qeyd etməliyik ki, indi dünya siyasi sistemi elədir ki, ya qalib olacaqsan, ya məhv olacaqsan. Neytral qalmaq anlayışı yoxdur”.
Nigar Xəlilli
19:30 15.09.2026
Oxunuş sayı: 50