Bağçalının Azərbaycana dəstəyi gündəmdə: Bakı-Ankara birliyini kimlər hədəfə alır?
Türkiyədə Milliyyətçi Hərəkat Partiyası(MHP) sədri Dövlət Bağçalının Azərbaycan-Türkiyə münasibətlərinin gündəlik siyasi və diplomatik məsələlərdən üstün olduğunu, iki ölkə arasındakı qardaşlığa zərər vurmaq istəyən üçüncü qüvvələrin nifaq cəhdlərinə qarşı ayıq-sayıq olmağın vacibliyini vurğulaması və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyinə dəstəyini ifadə etməsi regional gündəmdə geniş əks-səda doğurub. Sosial mediada və bəzi siyasi dairələrdə süni şəkildə yaradılmağa çalışılan narahatlıqlar fonunda səsləndirilən bu bəyanat Azərbaycan və Türkiyə arasındakı sarsılmaz müttəfiqliyin əhəmiyyətini bir daha gündəmə gətirib.
“Bir millət, iki dövlət” fəlsəfəsinə və Şuşa Bəyannaməsinə söykənən bu birliyə qarşı yönələn cəhdləri, eləcə də Dövlət Bağçalının bəyanatının siyasi əhəmiyyəti barədə Milli Məclisin deputatı Məlahət İbrahimqızı Crossmedia.az-a danışıb.

O, Bağçalının fikirlərini dəstəkləyərək Bakı-Ankara ittifaqının tarixi və mənəvi təməllərə söykəndiyini vurğulayıb: “Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı bütün siyasi məsələlərdən üstündür. Bu qardaşlıq Allahın bizə bəxş etdiyi bir nemətdir. Bu qardaşlığın möhürünü müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev əbədiyaşar “Bir millət, iki dövlət” kəlamı ilə vurub. Bundan daha ali fikir yoxdur. Müdrik kəlam bütün türk xalqlarının birliyini də ehtiva edir. Məhz bu müdrik ifadə qardaşlığımızın təməlini və gələcək yolunu müəyyənləşdirərək onun möhkəmlənməsinə misilsiz töhfələr verib”.
Deputat regionda dəyişən geostrateji reallıqlar fonunda Azərbaycan-Türkiyə ittifaqının digər qonşu ölkələr üçün də sabitlik və təhlükəsizlik baxımından əhəmiyyət daşıdığını bildirib:
“İstər dünyada, istərsə də regionda dəyişən siyasi reallıqlar fonunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionun digər xalqlarının da sabitlik və dayanıqlı inkişaf şəraitində yaşaması üçün mühüm təminatdır. Uzağa getməyək, bu sarsılmaz qardaşlıqdan və onun yaratdığı imkanlardan həm Ermənistan, həm də Gürcüstan əhəmiyyətli dərəcədə faydalanır. Müzəffər Ali Baş Komandanın mahir sərkərdəliyi ilə formalaşan yeni reallıqlardan narahat olan, bölgədə daim xaos və münaqişə yaratmağa çalışan xarici qüvvələr bu vəziyyətdən narazıdırlar və fəaliyyətlərini davam etdirirlər. Lakin Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və qardaşlığı artıq elə bir mərhələyə çatıb ki, bu qüvvələrin öz məqsədlərinə çatması xeyli çətinləşib”.
Siyasi şərhçi Arzuman Abdulkərimov MHP-nin 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycanın yanında olmasını və Dövlət Bağçalının bəyanatının əhəmiyyətini diqqətə çatdırıb:

“1990-cı illərin əvvəllərindən, Azərbaycan müstəqilliyini qazandığı ilk günlərdən Türkiyə ölkəmizi rəsmi şəkildə tanıyan ilk dövlət olsa da, bəzi hallarda dövlət səviyyəsində Azərbaycana arzuladığımız dəstəyi göstərə bilmirdi. Lakin həmin dövrlərdə belə, MHP-nin Azərbaycana təmənnasız və birmənalı dəstək verirdi. Bu gün də Dövlət Bağçalı və MHP vasitəsilə həmin dəstəyi hiss edirik. Çünki MHP təkcə Türkiyə Cümhuriyyətinin deyil, bütövlükdə türk dünyasının və türk xalqlarının birliyinin gücləndirilməsini qarşısına məqsəd qoyan siyasi təşkilatdır. Partiya bu missiyanı bu gün də yüksək səviyyədə davam etdirir”.
Siyasi şərhçi iki ölkə arasında nifaq yaratmağa çalışan qüvvələrin cəhdlərinin nəticəsiz qalacağına inandığını bildirib və MHP liderinin Azərbaycana dəvət olunduğunu qeyd edib:
“Dövlət Bağçalının açıqlamasını yüksək qiymətləndiririk. Azərbaycan-Türkiyə münasibətləri gündəlik siyasi məsələlərdən və mövcud fikir ayrılıqlarından üstündür. Şuşa Bəyannaməsi və digər müqavilələr mühüm sənədlərdir, lakin bu birlik həm də ortaq kimliyimizdən qaynaqlanan təbii bir bağlılıqdır. Təəssüf ki, son günlər üçüncü qüvvələr, böyük güclər və Azərbaycanı, Türkiyəni istəməyən dairələr iki ölkə arasına nifaq salmağa cəhd göstərirlər. Lakin həm Azərbaycanda, həm də Türkiyədə milli düşüncəyə sahib siyasətçilər bu cəhdlərin qarşısını almaq üçün mübarizə aparırlar. Türkiyədə bu mübarizənin önündə MHP dayanır. Türkiyədən Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə qarşı səsləndirilən bəzi qəbuledilməz fikirlərə də MHP-nin və Dövlət Bağçalının dəstəyi ilə cavab veriləcəyinə inanırıq. Dövlət Bağçalı cənab İlham Əliyevi Qarabağ zəfərinin Ali Baş Komandanı kimi dəyərləndirib. Biz Dövlət Bağçalını Azərbaycana dəvət etmişik. Ümid edirik ki, yaxın vaxtlarda onun qrafiki buna imkan verəcək və o, Azərbaycana gələrək dəstəyini buradan bütün dünyaya ifadə edəcək”.
Zeynəb Həsən
20:00 28.10.2026
Oxunuş sayı: 52