“Dinlərarası anlaşma üzrə UNESCO-UNITWIN Şəbəkəsinin Akademik Forumu” çərçivəsində panel sessiyaları keçirilib
Oktyabrın 28-də ADA Universitetində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirilib.
Bu barədə Crossmedia.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Sessiyanın açılışında çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsilin yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşmasında, qlobal problemlərin həllində və mədəniyyətlərarası anlaşmanın gücləndirilməsində rolunu vurğulayıb. Deakin Universitetinin professoru Fateh Mansouri isə təhsilin ekstremizm, irqçilik və ayrı-seçkiliklə mübarizədə əhəmiyyətinə, tədris məzmununun yenilənməsinə və rəqəmsal imkanlardan istifadəyə diqqət çəkib.
Paneldə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla multikulturalizmin Azərbaycan xalqının tarixindəki yerindən və mədəniyyətlərarası ünsiyyətin təhsilin inkişafına töhfəsindən danışıb.
Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə milli musiqi irsinin rəqəmsal arxivləşdirilməsi və beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini qeyd edib.
Lion Katolik Universitetinin professoru Roje Kude isə mədəni müxtəlifliyə hörmətin və bərabərhüquqlu əməkdaşlığın sülhün möhkəmləndirilməsində rolunu vurğulayıb.
Paneldə həmçinin mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli çıxış ediblər.
Daha sonra Akademik Forum çərçivəsində “Dinlərarası dialoq və mədəniyyətlərarası anlaşma: Sübutlar, təcrübə və gələcək istiqamətlər" mövzusunda sessiya keçirilib.
20:50 28.10.2026
Oxunuş sayı: 48