Rusiya Ermənistandan Şirak qubernatorunun açıqlamasına reaksiya gözləyir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şirak vilayətinin rəhbəri David Aruşanyanın rusları “ivanlar” adlandırmasını qəbuledilməz sayaraq Ermənistan hakimiyyətindən aydın mövqe gözlədiklərini bildirib.
Crossmedia.az xəbər verir ki, Zaxarova bu barədə oktyabrın 28-də keçirilən brifinqdə danışıb.
Məlumata görə, David Aruşanyan sosial şəbəkədə “Güclü Ermənistan” nümayəndələrinin Gümrünü şəhər günü münasibətilə təbrik etməsinə cavab olaraq yazıb ki, “Gümrü sizin ‘Nijni Tabord’ deyil, gümrülülər isə sizin ‘ivanlar’ deyil”.
Zaxarova bu ifadələri nasist Almaniyasının slavyanlara qarşı istifadə etdiyi alçaldıcı ritorikanı xatırladan, “neonasist şüarlar” kimi qiymətləndirib. O bildirib ki, bu cür ifadələr özünə hörmət edən heç bir cəmiyyətdə, o cümlədən Ermənistan cəmiyyətində qəbul edilməməlidir.
Rusiya XİN rəsmisi Ermənistan hakimiyyətindən baş verənlərə birmənalı və müvafiq reaksiya verilməsini gözlədiklərini vurğulayıb.
21:18 28.10.2026
Oxunuş sayı: 45