Deputat: “SABAH.city” – Azərbaycanda innovasiya və süni intellekt ekosisteminə yeni töhfədir
Prezident İlham Əliyevin iştirakı ilə Bakıda “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışı keçirilib. Layihə mühəndislik, informasiya texnologiyaları və tətbiqi elmlər üzrə təhsil alan tələbələrin praktiki fəaliyyətə cəlb olunmasını, eləcə də Azərbaycanda innovasiya və süni intellekt ekosisteminin inkişafını hədəfləyir.
Şəhərcikdə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən 1500-dən çox tələbənin tədris və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Burada yaradılan ASAN Süni İntellekt Mərkəzi isə tədqiqatçıları, dövlət qurumlarını, biznes və təhsil müəssisələrini süni intellekt sahəsində əməkdaşlığa cəlb etməyə yönəlib.
Azərbaycanda innovativ ekosistemin qurulması və rəqəmsal inkişaf iqtisadi siyasətin əsas istiqamətlərindən biridir.
Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlamasında bildirib ki, ölkədə rəqəmsal inkişafla bağlı strategiyanın təsdiq olunması və Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması Azərbaycanın süni intellekt və rəqəmsal inkişaf sahəsindəki mövqeyini və hədəflərini göstərir.
Deputat qeyd edib ki, SABAH City gənclərin həm biliklərini praktiki şəkildə tətbiq etmələri, həm də yeni biliklər əldə etmələri baxımından mühüm imkan yaradır: “Azərbaycanda innovativ ekosistemin qurulması, bütövlükdə iqtisadi siyasətin əsas istiqamətlərindəndir və cənab Prezident tərəfindən də rəqəmsal inkişafla bağlı strategiya təsdiq olunub. Birinci xanım Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurası fəaliyyətə başlayıb və ilk iclasını keçirib. Bütün bunlar süni intellekt və rəqəmsal inkişafla bağlı Azərbaycanın mövqeyini və hədəflərini göstərir”.
Vüqar Bayramov vurğulayıb ki, SABAH City insan kapitalının inkişafına yönələn siyasətin də mühüm istiqamətlərindən birini təşkil edir: “SABAH City, şübhəsiz ki, gənclər üçün həm biliklərini praktiki olaraq tətbiq etmək, həm də biliklərini genişləndirmək üçün yeni bir imkandır. Bu, insan kapitalının inkişafına Azərbaycanın diqqətini və eyni zamanda bütövlükdə həyata keçirilən siyasətin ana xətt olduğunu bir daha təsdiq edir”.
Deputatın sözlərinə görə, SABAH City Azərbaycanda innovativ ekosistemin inkişafına və süni intellekt sahəsində çalışan gənclər üçün yeni imkanların yaranmasına töhfə verəcək: “SABAH City sözsüz ki, Azərbaycanda innovativ ekosistemin formalaşmasına və inkişafına, eləcə də insan kapitalının inkişafına töhfə verəcək. Süni intellekt, rəqəmsal inkişaf sahəsində təhsil alan və tədqiqat aparan gənclər üçün də yeni bir imkan kimi qiymətləndirilir”.
Nigar Xəlilli
18:30 15.09.2026
Oxunuş sayı: 49