BƏƏ ilə strateji tərəfdaşlıq dərinləşir: Azərbaycan üçün yeni investisiya imkanları
Prezident İlham Əliyevin BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul etməsi Azərbaycan-BƏƏ strateji tərəfdaşlığının müxtəlif sahələr üzrə genişləndiyini göstərir. Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub, ardınca enerji, investisiya, mədənçilik, süni intellekt və rəqəmsal infrastruktur sahələrini əhatə edən bir sıra sənədlər imzalanıb. Sənədlər arasında Naxçıvanda mineral-xammal potensialının qiymətləndirilməsi və kəşfiyyatı, Azərbaycanda Data Mərkəzi və süni intellekt infrastrukturunun inkişafı, həmçinin 315 MVt gücündə Neftçala Günəş Fotovoltaik layihəsinin maliyyə bağlanışının təsdiqi ilə bağlı razılaşmalar da yer alır. Bu addımlar Azərbaycan və BƏƏ arasında əməkdaşlığın enerji ilə yanaşı, yeni texnologiyalar və investisiya sahələrini də əhatə etdiyini göstərir.
Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlamasında bildirib ki, əlaqələr artıq yalnız siyasi münasibətlərlə məhdudlaşmır, iqtisadiyyat, enerji, nəqliyyat, investisiya və digər sahələri də əhatə edir.
Deputat qeyd edib ki, strateji tərəfdaşlığın dərinləşməsi hər iki ölkə üçün yeni imkanlar yarada bilər: “Xüsusilə investisiya sahəsində daha böyük layihələrin həyata keçirilməsi mümkündür. BƏƏ-nin maliyyə və biznes imkanları, Azərbaycanın isə əlverişli coğrafi mövqeyi və nəqliyyat potensialı burada mühüm rol oynaya bilər. Əsas məsələ əldə olunan siyasi anlaşmaları real iqtisadi və biznes layihələrinə çevirməkdir”.
Aydın Hüseynov vurğulayıb ki, enerji, xüsusilə bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi mühüm perspektivlər vəd edir: “Azərbaycan və BƏƏ bərpa olunan enerji layihələrində artıq əməkdaşlıq edirlər. Bu əməkdaşlığın gələcəkdə daha da genişlənməsi həm yeni layihələrin yaranmasına, həm də enerji sahəsində təcrübə mübadiləsinin artmasına səbəb ola bilər”.
Deputatın sözlərinə görə, nəqliyyat və logistika da Azərbaycan-BƏƏ əməkdaşlığının mühüm istiqamətlərindəndir: “Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutlarında yerləşməsi ölkəmizi mühüm tranzit mərkəzlərindən birinə çevirir. BƏƏ ilə əməkdaşlığın güclənməsi bu imkanlardan daha səmərəli istifadə etməyə və yeni logistika layihələrinə yol aça bilər”.
Aydın Hüseynov əlavə edib ki, turizm, kənd təsərrüfatı, texnologiya və rəqəmsal iqtisadiyyat sahələrində də əməkdaşlıq imkanları mövcuddur: “Ümumilikdə, Azərbaycan-BƏƏ münasibətlərinin dərinləşməsi həm ölkələr arasında iqtisadi əlaqələri gücləndirə, həm də yeni investisiyaların və birgə layihələrin yaranmasına şərait yarada bilər. Məncə, qarşıdakı dövrdə əsas diqqət məhz bu əməkdaşlığın daha konkret və nəticəyönümlü istiqamətlərdə inkişafına veriləcək”.
Nigar Xəlilli
20:00 15.09.2026
Oxunuş sayı: 45