Konstitusiya dəyişikliyi niyə şərtdir?: Ermənistanın Azərbaycandan əvəz çıxmaq niyyəti...
Ermənistanın Konstitusiyasına dəyişikliklərlə bağlı proses sürətlənməkdədir və rəsmi açıqlamaya görə sənədin yeni mətni 2026-cı ilin martına qədər hazır olmalıdır. Bu isə regionda mühüm sualı gündəmə gətirir: Sülh müqaviləsi yalnız konstitusion düzəlişlərdən sonra, mart ayından sonra imzalanacaq? Tərəflərin mövqeləri göstərir ki, Ermənistan Konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılması sülh prosesinin əsas şərtlərindən biri kimi qalır. Bu, prosesin qarşısında duran son maneə hesab olunurdumu və konstitusion dəyişikliklərin tamamlanması regional sülhün açarı olacaqmı?
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlama verib:

"Ermənistan çox yaxşı anlayır ki, öz əsas qanunverici aktı olan Konstitusiyasında ciddi dəyişikliklər etməlidir. İlk növbədə, sənəddə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar çıxarılmalıdır. Bundan başqa, Baş nazir Nikol Paşinyanın da qeyd etdiyi kimi, Konstitusiyanın bir sıra müddəaları nə tərkib, nə də məzmun baxımından indiki dövrün reallıqlarına uyğun gəlir. Azərbaycan üçün isə əsas diqqət mərkəzində məhz ərazi iddiaları ilə bağlı müddəanın aradan qaldırılması dayanır. Nazir də, baş nazir də müəyyən açıqlamalar verə bilər, amma biz bu məsələnin sülh müqaviləsinin imzalanması üçün fundamental şərt olduğunu birmənalı şəkildə ifadə etmişik. Sadəcə olaraq bildiririk ki, sülh müqaviləsinin imzalanması üçün xoş məram, normal siyasi atmosfer, münasib şərait və ən əsası qarşılıqlı etimad mütləq təmin olunmalıdır. Hələlik isə Ermənistanın bu istiqamətdə real hazırlıq göstərdiyini müşahidə etmirik. Bu vəziyyət Ermənistan daxilindəki siyasi çəkişmələr, geosiyasi təsir uğrunda mübarizə, iqtidar–müxalifət qarşıdurması və ümumi sabitlik çatışmazlığından qaynaqlanır. Seçkiöncəsi dövrdə sabitliyin yaranması çətin görünə bilər, amma bu, Ermənistanın məsuliyyət daşıdığı proseslərdən yayınmasına bəhanə ola bilməz. Əksinə, Ermənistan bütün bu məsələlərlə ciddi şəkildə məşğul olmalıdır".
Ekspert həmçinin qeyd edib ki, Azərbaycan bu prosesləri diqqətlə izləyəcək və Ermənistanın verdiyi sözlərə əməl edib-etmədiyini qiymətləndirəcək: "Bu, nə "kapriz", nə də hansısa şıltaqlıqdır. Əksinə, Ermənistan real niyyətini, sülhə hazır olduğunu faktiki addımlarla göstərməlidir. Əks halda, Azərbaycanın bu ölkəyə qonşu və potensial tərəfdaş kimi etimad bəsləməsi mümkün olmayacaq. Beş il əvvəl müharibə başa çatıb, torpaqlarımız azad olunub və bölgəyə sabitlik gətirilibsə, Ermənistan bunun dəyərini bilməli və prosesi pozan ritorikadan və davranışlardan çəkinməlidir. Əgər bunu etmirlərsə, bu artıq onların zəifliyinin və siyasi xəstəliyinin göstəricisidir. Azərbaycan isə prinsipial mövqeyini qoruyub saxlayacaq. Dəfələrlə bildirmişik ki, risk daşıyan heç bir sənədə imza atılmayacaq. Normal və suveren heç bir dövlət buna getməz. Ermənistan da bunu nəzərə almalıdır".
Politoloq son olaraq vurğulayıb ki, Ermənistanda revanşist qüvvələrin hansısa formada Azərbaycandan “əvəz çıxmaq” niyyəti tamamilə xülyadır: "Azərbaycan bunu qətiyyətlə qarşılayacaq və təsadüflərə yer verməyəcək. Əgər Ermənistan, həqiqətən də, bölgədə sabitlik, əmin-amanlıq və gələcəkdə diplomatik münasibətlərin qurulmasını istəyirsə, Azərbaycanla razılaşmalı, tələblərimizlə barışmalı və konkret addımlar atmalıdır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Ermənistan “ev tapşırıqlarını” yerinə yetirməlidir. Əgər bu şərtlər reallaşmayacaqsa, o zaman nə sülh müqaviləsi imzalanacaq, nə də təhlükə ehtiva edən məsələlərin həllinə Azərbaycan tərəfi maraq göstərəcək. Bu durumda isə Ermənistan öz mövqeyini yenidən düşünməli olacaq".
Ayhan
09:25 30.11.2025
Oxunuş sayı: 2854