Alim: TDT ölkələrimiz arasında mədəni münasibətlərin canlandırılmasına güclü təkan verməkdədir
Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlıq qədim tarixi köklərə əsaslanaraq bu gün də dinamik şəkildə inkişaf edir. Xüsusilə ədəbiyyat sahəsində aparılan qarşılıqlı mübadilələr iki qardaş xalqın mədəni yaxınlığını daha da gücləndirir. XX əsrin 20-ci illərindən başlayaraq özbək ədəbiyyatı, yazıçı və şairlərinin yaradıcılığı Azərbaycanda tanınmağa və nəşr olunmağa başlamışdır. Son illərdə isə bu əməkdaşlıq daha ardıcıl xarakter alaraq hər iki ölkənin mədəni əlaqələrinin möhkəmlənməsinə və ədəbi irsinin qarşılıqlı zənginləşməsinə mühüm töhfə verir.
Crossmedia.az-a açıqlama verən ədəbiyyatşünas-alim Məti Osmanoğlu bildirib ki, bu suala cavab vermək üçün tarixə nəzər yetirməyə ehtiyac var: "Özbəkistanla bizim ortaq etnik köklərimiz var. Bundan əlavə, tariximiz eyni mədəni sistem — İslam mədəniyyəti kontekstində formalaşıb. Təəssüf ki, həm Özbəkistanda, həm də Azərbaycanda klassik irsimiz ənənəvi şəkildə yalnız bugünkü coğrafiya daxilində tanınır".

Alim vurğulayıb ki, XIX əsrdə türk dünyasının Qərb mədəniyyətinə inteqrasiya olunmaq gerçəkliyi ilə üz-üzə qalması yeni tarixi zərurətlər yaratdı. "Avropa maarifçilik dəyərlərinin mənimsənilməsi milli düşüncənin təşəkkülü və milli ideologiyanın bərqərar olması ilə müşayiət olunurdu. Tarixin ayrı saldığı türk xalqları əsrin sonuna doğru yenidən bir araya gəlməyin qaçılmaz olduğunu hiss etdilər. Türkiyədə tənzimat, Azərbaycanda maarifçilik, Orta Asiya və Özbəkistanda isə cədidizm adlanan yeniləşmə hərəkatı 'fikirdə birlik, sözdə birlik, əməldə birlik' (İsmayıl bəy Qaspıralı) şüarını gündəliyə gətirdi və bu istiqamətdə böyük işlər görüldü".
M.Osmanoğlu qeyd edib ki, türk xalqlarının ümumi mədəniyyət sisteminin formalaşmasını Sovet çevrilişi yarımçıq qoydu: "Sovet hökumətinin ən böyük ideoloji qayğılarından biri türk xalqlarının birliyinin qarşısını almaq idi. 1920–30-cu illərin repressiyalarında ziyalıların qarşısına çıxarılan ən ağır ittihamlardan biri onların 'pantürkizmdə' — türkçülükdə günahlandırılması idi. Nütün repressiyalara baxmayaraq, türk xalqları, o cümlədən Azərbaycan və özbək xalqları öz mənəvi birliyini imkan daxilində bərpa etməyə çalışırdı: "Türkçülüyə qayıdış ölkələrimiz arasında mədəni münasibətləri canlandırırdı. Sovet rejiminin son illərində türkçülük dəyərlərinin bərpası xüsusi vüsət almışdı və bu sahədə öndə gedən respublikalardan biri də Özbəkistan idi. Azərbaycan ədəbiyyatının təbliğində isə özbəklər daha fəal idilər".
Müsahibimiz vurğulayıb ki, Sovet sistemi dağıldıqdan sonra münasibətlərin yenidən dirçəldilməsinə ehtiyac yarandı: "Sevindirici haldır ki, bu məsələ müstəqil dövlətlərimizin mədəniyyət siyasətində xüsusi yer tutur. Son vaxtlar Türk Dövlətləri Təşkilatının yaradılması da ölkələrimiz arasında mədəni münasibətlərin canlandırılmasına güclü təkan verməkdədir".
Mehriban Yariyeva
19:33 18.11.2025
Oxunuş sayı: 1233