Qazaxıstanda qadın sahibkarlığı güclənir: KOB subyektlərinin 48,1 faizinə qadınlar rəhbərlik edir
Qazaxıstanda qadın sahibkarlığı son illərdə ölkə iqtisadiyyatının mühüm inkişaf istiqamətlərindən birinə çevrilib. 2025-ci ilin göstəricilərinə görə, ölkədə kiçik və orta biznes subyektlərinin 48,1 faizinə qadınlar rəhbərlik edir. Bu isə Qazaxıstanda bir milyondan çox qadının kiçik və orta biznes sektorunda aktiv sahibkarlıq fəaliyyəti göstərməsi deməkdir.
Qadınlar
xüsusilə ticarət, xidmət, gözəllik sənayesi, ictimai iaşə, təhsil layihələri,
ekoloji və sosial təşəbbüslər sahəsində daha fəal iştirak edirlər. Bu fəaliyyətlər
yalnız ailə gəlirlərinin artmasına deyil, həm də regionlarda məşğulluğun genişlənməsinə
və yerli iqtisadiyyatın canlanmasına töhfə verir.
Hazırda
Qazaxıstanda sahibkarlara xidmət göstərən 20 Sahibkarlara Xidmət Mərkəzi və
kiçik şəhər və kəndlərdə fəaliyyət göstərən 164 regional mərkəz mövcuddur. Bu mərkəzlər
yeni başlayan və fəaliyyətini davam etdirən sahibkarlara pulsuz xidmət göstərir.
2026-cı
il yanvarın 1-nə olan məlumata görə, informasiya-məsləhət dəstəyi çərçivəsində
16 326 qadına 60 249 xidmət göstərilib. Fəaliyyətdə olan bizneslər üçün servis
dəstəyi çərçivəsində isə 6 410 qadına 7 106 xidmət təqdim olunub. Bu xidmətlər
biznesin qeydiyyatı, sənədləşmə, mühasibatlıq, vergi hesabatları,
biznes-planların hazırlanması və satış strategiyalarının qurulması kimi istiqamətləri
əhatə edir.
Qadın
sahibkarlığının regionlarda inkişafı baxımından “Bir kənd – bir məhsul” layihəsi
xüsusi əhəmiyyət daşıyır. Layihə iştirakçılarının 90 faizi qadınlardan ibarətdir.
Proqram çərçivəsində 742 qadın məsləhət xidməti alıb, 38 qadın isə finalçı
olub. Layihə iştirakçılarına 5 milyon tenqeyə qədər dövlət qrantı, təlim,
brendinq və məhsulun bazara çıxarılması istiqamətində dəstək verilir.
Maliyyə
dəstəyi sahəsində də qadın sahibkarların payı diqqət çəkir. Kredit faizlərinin
subsidiyalaşdırılması mexanizmi çərçivəsində ümumilikdə 3 373 layihə dəstəklənib.
Onların 1 423-ü, yəni təxminən 42 faizi qadınlara məxsus layihələrdir. Bu layihələr
üzrə kredit məbləği 119,7 milyard tenqe təşkil edib.
Dövlət zəmanəti mexanizmi çərçivəsində isə 3 110 layihəyə dəstək göstərilib. Onlardan 1 262 layihə qadınlar tərəfindən həyata keçirilib. Qadın sahibkarlar bu mexanizm vasitəsilə 132,4 milyard tenqe kredit, 67,7 milyard tenqe dövlət zəmanəti əldə ediblər.

Qazaxıstanlı sahibkar Meruert Qabdullina Crossmedia.az-a açıqlamasında bildirib ki, bu rəqəmlər qadınların yalnız biznesdə deyil, cəmiyyətin sosial inkişafında da rolunun artdığını göstərir. Onun sözlərinə görə, qadın sahibkarlığı çox vaxt sosial məsuliyyət, icma ehtiyacları və ailə rifahı ilə sıx bağlı olur: "Qadınlara maliyyə dəstəyi ilə yanaşı, mentorluq, rəqəmsal bacarıqlar, bazara çıxış və hüquqi-məsləhət xidmətləri də davamlı şəkildə göstərilməlidir. Xüsusilə regionlarda yaşayan qadınların sahibkarlığa cəlb olunmasının həm yerli iqtisadiyyat, həm də ailələrin sosial dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Qadın sahibkarlığının inkişafı gələcəkdə Qazaxıstanda daha inklüziv və dayanıqlı iqtisadi modelin formalaşmasına töhfə verə bilər. Bu baxımdan Qazaxıstanda qadın sahibkarlığının inkişafı yalnız iqtisadi göstəricilərin artması deyil, həm də gender bərabərliyinin güclənməsi, qadınların qərarvermə proseslərində iştirakının genişlənməsi və regionların sosial-iqtisadi inkişafı baxımından mühüm proses kimi qiymətləndirilir".
Fatimə Məmmədova
18:58 28.05.2026
Oxunuş sayı: 56