Cənubi Qafqazda sülhə mane olan əsas qüvvələr kimlərdir?- Açıqlandı
Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi və regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində aparılan diplomatik səylər son aylarda xüsusi intensivlik qazanıb. Region ölkələrinin siyasi rəhbərləri də prosesə müxtəlif səviyyələrdən dəstək nümayiş etdirir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə səsləndirdiyi açıqlamalar da bu kontekstdə diqqət çəkir. Gürcüstanın Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlaması, regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına öz töhfəsini vermək niyyətini göstərir.
Prezidentin iki ölkə arasında yaxın zamanda sülh sazişinin imzalanacağına dair ümidlərini ifadə etməsi, həm Tbilisinin vasitəçilik roluna, həm də Cənubi Qafqazda inteqrasiya və tərəfdaşlığın gücləndirilməsi ideyasına verilən strateji əhəmiyyətin göstəricisidir. Kavelaşvilinin fikrincə, bu saziş təkcə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına deyil, həm də regionun ümumi cəlbediciliyinin və inkişaf dinamikasının keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edəcək.
Gürcüstan rəhbərliyi, hər zaman olduğu kimi, bölgədə sülh və sabitliyin bərqərar olunmasını dəstəklədiyini və bu prosesə praktiki töhfə verməyə hazır olduğunu bir daha bəyan edir. Bu mövqenin davamlı şəkildə vurğulanması Tbilisinin regional təhlükəsizlik və əməkdaşlıq gündəmində fəal rol oynamaq niyyətini təsdiqləyir.
Qonşu ölkənin fikirləri ilə bağlı politoloq Turab Rzayev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Əlbəttə ki, Azərbaycanla Ermənistan arasında əsas məsələlərin böyük qismi artıq həll olunub. Bu baxımdan sülh prosesinin başlanması və uğurlu nəticənin əldə olunmaması üçün hər hansı ciddi əsas görünmür. Hazırda sərhəddə demarkasiya və delimitasiya işləri aparılır. Xüsusilə Qazax istiqamətində görülən işlər fonunda Ermənistan rəhbərliyində müəyyən təlatümlər müşahidə olunur. Sual yarana bilər: əgər bu proseslər həyata keçirilirsə, bəs nə üçün sülh sazişinin imzalanması bu qədər ləngiyir? Məsələ ondadır ki, erməni cəmiyyəti kifayət qədər şovinist və irredentist düşüncələrlə yüklənmiş bir toplumdur. Bu ideoloji yük uzun illərdir Ermənistan siyasətinə və ictimai rəyinə təsir edir. Paşinyan hökuməti isə məhz bu radikal düşüncələrlə mübarizə aparmağa çalışır. Paşinyanın apardığı xətt təkcə kimsəyə qarşı mübarizə deyil; o, Ermənistanı köhnə ideoloji qandallardan çıxarmağa, Türkiyə və Azərbaycana qarşı formalaşdırılmış nifrət münasibətini azaltmağa, tarixi və əsassız torpaq iddialarından imtina etməyə yönəlir. Bu addımlar, əslində, erməni cəmiyyətindəki şovinist düşüncələrin tədricən transformasiyasına xidmət edir. Paşinyan bunu Ermənistanın gələcəyi üçün zəruri hesab edir və öz siyasi xəttinin qalib gəldiyini göstərməyə çalışır. Lakin bütün bunların reallaşması üçün region ölkələri tərəfindən əlavə təzyiqlərin və problemlərin meydana çıxmaması vacibdir".
Politoloq həmçinin bu kontekstdə sülh prosesinə mane ola biləcək əsas güclər kimi Rusiya və İranın göstərildiyini qeyd edib:
"Hər iki ölkə ABŞ-nin bölgədə sülh təşəbbüslərini öz geosiyasi maraqlarına uyğun hesab etmir və prosesə təsir göstərməyə çalışırlar. Fikrimcə, xarici təzyiqlər minimum olarsa və regional güclər prosesə maneçilik etməzsə, bölgədə sülhün əldə olunması tamamilə realdır".
Elmir Heydərli
19:17 15.11.2025
Oxunuş sayı: 3443