Vaşinqton razılaşmaları ilə Cənubi Qafqaz siyasi tarixində yeni səhifə açıldı- Deputat
Cənubi Qafqazda son illər formalaşan yeni siyasi reallıqlar bölgənin gələcək inkişaf istiqamətlərini əsaslı şəkildə dəyişməyə başlayıb. Münaqişə mərhələsindən post-münaqişə və inteqrasiya dövrünə keçid prosesi artıq konkret sənədlər və real layihələrlə möhkəmlənir. 8 avqust Vaşinqton razılaşması isə bu transformasiyanın həlledici mərhələsi kimi tarixə düşdü. Razılaşma regional təhlükəsizlik sisteminin yenidən qurulmasına, kommunikasiyaların açılmasına və ölkələr arasında qarşılıqlı etimadın formalaşmasına yönəlmiş fundamental siyasi platforma rolunu oynayır. Bu sənəd həm Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəmini möhkəmləndirir, həm də regionu yeni iqtisadi və geostrateji əməkdaşlıq xəritəsinə daxil edir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Crossmedia.az-a açıqlama verib:
"8 avqust Vaşinqton razılaşması Cənubi Qafqazın siyasi tarixində yeni səhifə açmış oldu. Strateji tərəfdaşlıq memorandumu, sülh sazişinin paraflanması və üçtərəfli Birgə Bəyannamə sıradan diplomatik aktlar deyil, bölgədə əbədi sülh, sabitlik və iqtisadi inkişafın bünövrəsini qoyan tarixi addımlardır. Bu günlərdə Azərbaycanın yüklərin ərazisi üzərindən Ermənistana çatdırılmasına imkan verməsi də beynəlxalq aləmdə ölkəmizin xoş niyyəti kimi qəbul olundu. Eyni zamanda Prezident İlham Əliyev Qazaxıstanda Zəngəzur dəhlizinin açılma tarixi ilə bağlı anans verdi. Yaxın vaxtlarda Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsindən Naxçıvan və Türkiyəyə Azərbaycan-Ermənistan-Türkiyə boru kəməri və elektrik xətləri çəkiləcək. Bütün bunlar Vaşinqton razılaşmasına görə TRIPP marşrut proqramı çərçivəsində müzakirə olunur. Bu prosesin yekunu Cənubi Qafqazda rifahı və inkişafı təmin edəcək, sülhü daha da möhkəmləndirəcək, dövlətimuz üçün firavanlıq və inkişafın sürətini artıracaq".
Ayhan
10:05 24.10.2025
Oxunuş sayı: 1901