NATO- Rusiya müharibəsi başlayır?- Qorxunc ssenari

Sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı Polşa planlaşdırılmamış hərbi fəaliyyətə görə "Jeşuv-Yasenka", "Lyublin" beynəlxalq hava limanlarını və Varşavanın hər iki hava limanını bağlayıb.
Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı X sosial şəbəkəsində hava məkanının mühafizəsini təmin etmək üçün bütün zəruri prosedurları işə saldığını bildirib.
Məlumata görə, havaya təkcə Polşa qırıcıları deyil, digər NATO ölkələrinin də təyyarələri qaldırılıb.
Bundan əlavə, hava hücumundan müdafiə qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Qeyd edək ki, "Jeşuv-Yasenka" hava limanı Qərbin Ukraynaya yardımının ötürülməsi üçün əsas logistika mərkəzidir.
Maraqlıdır bəs Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşanın hava limanlarını bağlaması və NATO qüvvələrinin havaya qaldırılması regionda müharibənin daha genişmiqyaslı qarşıdurmaya çevrilməsi ehtimalını artırırmı?”
Bu barədə Crossmedia.az-a açıqlama verən politoloq Natiq Miri sözügedən addımın Polşa tərəfindən qabaqlayıcı addım olması ilə yanaşı, eyni zamanda Alyansın, xüsusilə də Polşanın çevik reaksiyasının göstəricisi olduğunu qeyd edib: "Bu addım Polşa tərəfindən qabaqlayıcı addım olmaqla yanaşı, eyni zamanda NATO-nun, xüsusilə də Polşanın çevik reaksiyasının göstəricisidir. Belə də olmalıdır ki, Rusiya NATO-nun ciddiliyini və qətiyyətini aydın şəkildə anlasın. Çünki Polşa sərhədini keçən pilotsuz uçuş aparatlarının Rusiyadan atılması ehtimalı olduqca böyükdür. Bu, həm də müəyyən mənada ‘test xarakteri’ daşıya bilər – yəni Polşanın hazırlığı, onun müdafiə imkanları və NATO-nun ümumi reaksiyası sınaqdan keçirilir. Reaksiya isə kifayət qədər çevik oldu. Bir neçə dron – səhv etmirəmsə, dörd PUA vuruldu, eyni zamanda hava hücumundan müdafiə sistemləri işə salındı. NATO-ya məxsus qırıcı təyyarələr və digər hərbi vasitələr dərhal dövrəyə buraxıldı. Bu isə Rusiya üçün çox ciddi çəkindirici mesajdır".
O bildirib ki, Polşanın hərbi aerodromları bağlaması və təkcə milli səviyyədə deyil, NATO səviyyəsində çevik reaksiya göstərilməsi təsadüfi deyil: "Bu, həm də Belarus ərazisində keçirilən Rusiya-Belarus hərbi təlimləri ilə bağlıdır. Çünki bir müddətdir həm Ukraynada, həm də Qərb ölkələrində belə bir narahatlıq mövcuddur: əgər böyük hərbi kontingent Belarusa gətirilirsə, bu təlimlərdən istifadə edərək qəfil şəkildə Belarusdan Kiyevə doğru yeni hücum başlana bilər. Bunun üçün minlərlə zirehli texnika və tank tələb olunur".
Politoloq, həmçinin qeyd edib ki, başqa bir təhlükə də var: "Rusiya Şərqi Avropa və Baltikyanı ölkələrdə NATO-nun zəif həlqələrini hədəfə ala bilər. Ona görə də Polşa hazırda ən yüksək səviyyədə hazırlıq görür və Rusiyanın qarşısında güclü NATO qüvvəsinin dayandığını nümayiş etdirir. Fikrimizcə, bu amil Rusiyanı dayandırmaq üçün kifayətdir. Çünki Rusiya nə qədər aqressiv və təcavüzkar siyasət yeritməyə çalışsa da, reallıqda NATO ilə birbaşa qarşıdurmaya girəcək gücə malik olmadığını özü də yaxşı bilir".
Elmir Heydərli
13:22 10.09.2025
Oxunuş sayı: 1017