Pakistan və Misirdən husilərə sərt xəbərdarlıq: Səudiyyə Ərəbistanına tam dəstək!
Pakistan və Misir Yəməndəki husi qüvvələrinin Səudiyyə Ərəbistanına hücumlarını qətiyyətlə pisləyərək, krallığın təhlükəsizliyinə və ərazi bütövlüyünə tam dəstəklərini bir daha bəyan ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Pakistanın xarici işlər naziri İshaq Dar misirli həmkarı Bədr Əbdülati ilə telefon danışığı aparıb.
Nazirlər Yaxın Şərqdə baş verən son hadisələri müzakirə edərək, husilərin Səudiyyə Ərəbistanına hücumlarını sərt şəkildə qınayıblar.
Tərəflər krallığın suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunmasına dəstəklərini ifadə ediblər.
Telefon danışığı zamanı Pakistan, Misir, Türkiyə və Səudiyyə Ərəbistanının daxil olduğu R-4 formatı çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Nazirlər növbəti R-4 toplantısının regional məsələlər üzrə mövqelərin əlaqələndirilməsinə və ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə ümid etdiklərini bildiriblər.
Bundan əlavə, İshaq Dar İranın xarici işlər naziri Abbas Əraqçi ilə də telefon danışığı aparıb.
Söhbət zamanı regionda dəyişən vəziyyət və İraqın paytaxtı Bağdadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası ətrafında fikir mübadiləsi aparılıb.
Pakistanın xarici işlər naziri regional problemlərin həllində dialoq və diplomatiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər yaxın təmasları davam etdirmək barədə razılığa gəliblər.
19:31 18.10.2026
Oxunuş sayı: 59