Fransada Makron hakimiyyətinin sonu yaxınlaşır?
Emmanuel Makronun hakimiyyətdə olduğu son illər ərzində Fransa həm sosial-iqtisadi, həm də siyasi baxımdan dərin sınaqlarla üzləşib. Ölkədə ard-arda yaşanan etiraz dalğaları, hökumətsizlik böhranı və iqtisadi geriləmə Makron administrasiyasının idarəetmə modelinin uğursuzluğunu nümayiş etdirir. Xüsusən son günlər baş verən tələbə üsyanları ölkədə ciddi iğtişaşların yaranmasına gətirib çıxarıb. Məktəblər bağlanıb, tələbələr həbs edilir. Makron höküməti isə bu iğtişaşların qarşısında acizdir.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, Makronun prezidentliyi dövründə aparılan sosial-iqtisadi siyasət gözlənilən nəticəni verməyib və ölkəni davamlı böhranlara sürəkləyib:
"Makronun hakimiyyətdə olduğu son 9 il ərzində apardığı sosial-iqtisadi siyasət o qədər də uğurlu olmadı. Ölkə daxilində dəfələrlə böhranlar, qarşıdurmalar və siyasi xaoslar yaşandı. İkinci dönəm baş nazir və prezident seçkilərindən sonra hökuməti təşkil etmək olduqca böyük çətinliklərlə üzləşdi və aylar boyunca Fransa hökumətsiz vəziyyətdə fəaliyyət göstərdi. Bu hökumətsizlik dövrü Makronun prezidentlik tarixində qara ləkələr kimi qaldı".
A.Quliyev vurğulayıb ki, cəmiyyətdə yaranan sosial narazılıq və siyasi qütbləşmə pik həddə çatıb:
"Bu gün artıq Makron üçüncü dəfə prezidentliyə namizədliyini vermək hüququna malik deyil və onun prezidentliyinin ikinci müddəti də sona çatmaq üzrədir. Yeni prezident seçkiləri ərəfəsində həm köhnədən yığılıb qalmış sosial-iqtisadi problemlərə görə cəmiyyətin aqressiyası yenidən qaynayır, həm də cəmiyyət Makron hakimiyyətinin son aylarına da dözüm göstərmək niyyətində olmadığını açıq-aşkar nümayiş etdirir. Eyni zamanda, Fransada Avropa üçün xarakterik olan siyasi qüvvələrin sürətlə sağlaşması prosesi gedir. Maraqlıdır ki, Fransada həm Le Penin timsalında ifrat sağçılar, həm də Melansonun timsalında ifrat sollar ölkənin bütün siyasi həyatını iflic vəziyyətə salmaq gücündədirlər".
Ekspert sonda ölkədəki büdcə böhranına və təhsil sektorundakı etirazlara diqqət çəkib:
"Fransada bəzi Avropa ölkələrində olduğu kimi ciddi büdcə böhranı yaşanır. Belçika və Fransa kimi dövlətlər büdcə böhranında digər ölkələri xeyli dərəcədə ötüblər ki, bu da iqtisadi siyasətin yetərli olmamasının əlamətidir. Məktəblərdə isə artıq aylardan bəri davam edən proses həm tədris prosesinin keyfiyyətinə, müəllimlərin əməkhaqqına, həm də şagirdlərə göstərilən münasibətə görə etirazlar bütün Fransanı bürüyüb. Bütün bunlar göstərir ki, Makron hakimiyyəti öz son aylarını yaşayır və bu proseslər Fransanın təkcə təhsilinin deyil, ümumiyyətlə iqtisadiyyatının və xarici siyasətinin bürüdüyü fəlakətin göstəricisidir".
Fatimə Cabbarlı
19:00 13.10.2026
Oxunuş sayı: 53