141 məktəb bağlandı - Fransa uçuruma yuvarlanır
Fransada sentyabr ayının ortalarından başlayan şagird etirazları məktəblərdəki ümüəllim çatışmazlığı, siniflərin həddindən artıq dolu olması və təhsil müəssisələrinin yararsız vəziyyəti ilə bağlı narazılıqları ölkə gündəminə gətirib. Etirazlar Paris ətrafından başlayaraq ölkənin müxtəlif şəhərlərinə yayılıb, məktəblərin blokadaya alınması və polis müdaxilələri ilə müşayiət olunub. Reuters-in oktyabrın 9-da yaydığı məlumata görə, həmin vaxt ölkə üzrə 141 məktəbdə dərslər dayanmışdı. Hökumət müəllim çatışmazlığının aradan qaldırılması üçün 3 min ixtisaslı müəllimin ehtiyac olan məktəblərə yönləndirilməsini vəd etsə də, şagirdlər daha geniş dəyişikliklər tələb edirlər. Etirazlar fonunda təhsil sisteminin maliyyələşdirilməsi, gənclərin tələblərinin dinlənilməsi və dövlətin ictimai narazılığa reaksiyasının sərhədləri yenidən müzakirə olunur.
Politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlamasında Fransadakı etirazları ölkənin sosial-iqtisadi siyasəti və Ukrayna müharibəsində iştirakı ilə əlaqələndirib.

Politoloqun sözlərinə görə, gənclər tarixən cəmiyyətin ictimai-siyasi proseslərinə təsir göstərən əsas təbəqələrdən biri olub: “Qeyd etmək lazımdır ki, hər bir cəmiyyətdə aparıcı qüvvələrdən biri gənclərdir. Tarixən gənclər ictimai-siyasi proseslərə təsir edən təbəqə kimi çıxış ediblər. Fransada baş verən gənclər hərəkatı və tələbə etirazları ölkədə sosial vəziyyətin gərginliyindən xəbər verir”.
Politoloq Fransanın Ukrayna müharibəsindəki mövqeyini tənqid edərək, hərbi xərclərin ölkənin daxili sosial problemləri ilə müqayisədə qiymətləndirilməli olduğunu düşünür: “Avropa İttifaqı, xüsusilə də onun aparıcı dövlətlərindən biri olan Fransa Ukrayna münaqişəsində fəal rol oynayır. Münaqişənin danışıqlar yolu ilə həllinə yönəlmək əvəzinə, böyük həcmdə vəsaitin hərbi məqsədlərə ayrılması müharibənin uzanmasına gətirib çıxarır. Nəticədə bu prosesdən zərər çəkən tərəflərdən biri də Avropa dövlətləridir”.
Məsiyevin fikrincə, hərbi xərclərin bir hissəsinin sosial problemlərin həllinə yönəldilməsi Fransada yaranmış narazılıqların azaldılmasına kömək edə bilərdi: “Fransa Ukraynaya ayrılan milyardlarla vəsaiti gənclərin sosial tələblərinin, tələbələrin problemlərinin və ölkə daxilindəki digər çətinliklərin həllinə yönəltsəydi, bugünkü vəziyyət fərqli ola bilərdi. Gənclərin uzun müddətdir davam edən etirazları göstərir ki, onların tələbləri cəmiyyətin diqqətini tələb edən məsələlərdir”.
O, Fransa hakimiyyətinin etirazçılarla münasibətdə seçdiyi yanaşmanı da tənqid edib: “Fransa dövləti gənclərlə dialoqa girərək mövcud problemlərin həlli üçün təşəbbüs göstərmək əvəzinə, onlara qarşı güc tətbiq etməklə etirazların daha da genişlənməsinə şərait yaradır. Bu yanaşma Fransanın insan hüquqları və demokratiya ilə bağlı bəyanatlarının nə dərəcədə ardıcıl olması barədə suallar doğurur”.
Politoloqun qənaətinə görə, insan hüquqlarına və demokratik prinsiplərə əsaslanan cəmiyyətdə sosial problemlərin həllində dialoqa üstünlük verilməlidir: “Əgər demokratik prinsiplərlə idarə olunan cəmiyyət mövcud problemləri aradan qaldırmaq istəyirsə, gücdən əvvəl dialoqa üstünlük verməlidir. Etirazlar güc yolu ilə yatırılmağa çalışıldıqda prosesin siyasi xarakter alması da mümkündür. Bu halda gənclər hakimiyyətin istefasını tələb edə, hökuməti mövcud problemləri həll edə bilməməkdə ittiham edə bilərlər”.
A.Məsiyev Fransanın xarici siyasətini də tənqid edərək, ölkənin daxili sosial məsələlərlə yanaşı, beynəlxalq münaqişələrə münasibətini yenidən nəzərdən keçirməli olduğunu bildirib: “Fransa öz daxilində sosial problemləri aradan qaldırmaq əvəzinə, xaricdə dövlət və korporativ maraqlarını həyata keçirməyə çalışır. Ukrayna müharibəsində Fransanın mövqeyi də bu baxımdan mübahisəlidir. Hərbi münaqişənin davam etməsinə töhfə verən siyasət Avropa İttifaqına iqtisadi, siyasi və sosial sahələrdə əlavə problemlər yaradır”.
O, Fransada baş verən tələbə etirazlarını da bu siyasətin mümkün nəticələrindən biri kimi qiymətləndirib: “Fransa hərbi münaqişəni qızışdırmağa milyardlarla vəsait ayırmaq əvəzinə, həmin resursları əhalinin və tələbələrin problemlərinin həllinə yönəltsəydi, ölkədəki sosial gərginliyin azalmasına töhfə verə bilərdi. Mövcud problemləri güc tətbiqi və xarici siyasətdə hərbi yanaşmalarla həll etmək mümkün deyil”.
Nigar Xəlilli
17:00 15.10.2026
Oxunuş sayı: 64