"Məktəb fobiyasının kökündə uşaqlar deyil, böyüklər dayanır" -Psixoloq

Məlumdur ki, hər insan müəyyən yaşa çatdıqdan sonra orta təhsil müəssəsində təhsil almalıdır. Bu təbii ki,hər bir ölkədə yaşa görə dəyişir.
Məktəb uşağı formalaşdıran bir ocaqdır. O təhsillə bərabər uşağın fərd kimi formalaşmasında böyük bir rol oynayır. Lakin bəzən bu ali ocaq uşaqların beynində təhlükəli və qorxulu bir yer kimi formalaşır. Təbii buda müxtəlif səbəblərdən qaynaqlanır.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən psixoloq Aysu Həsənova bu halı bəzən uşaqların deyil valideynlərin yaşadığını qeyd edib.
"Uşaqların məktəbə gedərkən yaşadığı narahatlıq çox vaxt onların “məktəb qorxusu” kimi təqdim olunur. Amma praktik müşahidələr göstərir ki, əsas gərginliyi bəzən uşaqlar yox, valideynlər yaşayır və bu emosiyanı övladlarına ötürürlər. Uşaq valideynin “öyrəşə biləcəkmi, ağlamasa yaxşıdır” kimi gizli narahatlığını hiss etdikdə, məktəb onun beynində təhlükəli bir yer kimi formalaşır.
Psixoloji olaraq bu, tamamilə təbiidir. Uşaqlar yeni mühitə daxil olarkən adaptasiya stressi keçirirlər. Amma bu duyğunu dərinləşdirən valideynin münasibətidir. Əgər qorxu görməzdən gəlinirsə və ya “naz edir” kimi qiymətləndirilirsə, uşaq özünü anlaşılmamış hiss edir və bu, daha güclü müqavimətə səbəb ola bilər".
Psixoloq həmçinin bu məsələnin həlli yolunun olduğunu qeyd edib.
"Həll yolu isə uşağın hissini tanımaqdan keçir. Onu günahlandırmaq yox, səni başa düşürəm, bu narahatlıq normaldır deyə qəbul etmək lazımdır. Çünki uşaq üçün ən güclü mesaj sözlərdən çox, valideynin sakit və inamlı davranışıdır.
Məktəb həyatı yalnız dərslərin başlanğıcı deyil, eyni zamanda uşağın daxili güvəninin formalaşdığı yerdir. Və bu güvənin ilk təməlini valideyn və məllim qürur - deyə psixoloq qeyd edib.
Səbiyyə Zayirova
11:28 21.08.2025
Oxunuş sayı: 1070