Bu qidalar beyin zədələnməsi riskini artıra bilər
Çips, şirin səhər yeməkləri, qazlı içkilər, hazır əriştə və dondurulmuş yarımfabrikatlardan çox istifadə edən sağlam yetkin insanlarda beyin zədələnməsinin erkən əlamətlərinə daha çox rast gəlinir. Bu dəyişikliklər gələcəkdə insult və yaddaş problemləri riskinin artması ilə əlaqəli ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri “JAMA Network Open” elmi jurnalında dərc olunub.
Kanadanın Makmaster Universitetinin tədqiqatçıları 35-69 yaş aralığında, təxminən 9 min nəfərin beynini MRT müayinəsindən keçiriblər. Nəticədə ultra emal olunmuş qidalardan ən çox istifadə edən şəxslərdə bu qidaları daha az yeyənlərlə müqayisədə beyində kiçik zədələnmə sahələrinin daha çox olduğu müəyyən edilib.
Araşdırmaya görə, belə dəyişikliklər ultra emal olunmuş qidalardan ən çox istifadə edən qrupda 40 faiz daha çox qeydə alınıb. Bu əlamətlər nəzərəçarpan simptomlara səbəb olmasa da, insult və yaddaş problemlərindən illər əvvəl meydana çıxa bilən xəbərdarlıq siqnalları hesab olunur.
Tədqiqatın ilk müəllifi, Makmaster Universitetinin Əhali Sağlamlığı Araşdırmaları İnstitutunun əməkdaşı Rassel C. de Souza bildirib ki, nəticələr gözlənilməz olub. Onun sözlərinə görə, araşdırmada iştirak edən orta yaşlı kanadalıların ürək problemləri və digər ciddi sağlamlıq şikayətləri olmayıb. Halbuki bu cür beyin zədələnmələri adətən daha yaşlı insanlarda rast gəlinən sağlamlıq problemləri ilə əlaqələndirilir.
Araşdırma zamanı ultra emal olunmuş qidalardan daha çox istifadə edən iştirakçıların bədənində, xüsusilə qarın nahiyəsində dərin piy qatının daha çox olduğu da müəyyən edilib. Bu piy növü iltihab və damar zədələnməsi ilə əlaqələndirilir və həmin proseslər beyinə də təsir göstərə bilər.
Qadınlarda ultra emal olunmuş qidaların istehlakı ilə beyin zədələnməsi əlamətləri arasındakı əlaqə daha güclü olub. Bu qidalardan ən çox istifadə edən qadınlarda müvafiq dəyişikliklər ən az istifadə edən qrupla müqayisədə təxminən iki dəfə çox qeydə alınıb.
Tədqiqat iştirakçılarının gündəlik qida porsiyalarının orta hesabla 25 faizini ultra emal olunmuş məhsullar təşkil edib. Bu göstərici həmin qidalardan ən çox istifadə edənlərdə 45 faizə, ən az istifadə edənlərdə isə 16 faizə çatıb.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, ultra emal olunmuş qidaların istehlakı artdıqca sağlam qidaların payı azalır. Meyvə, tərəvəz, dənli bitkilər və minimal emal olunmuş digər məhsulların gündəlik qida porsiyalarındakı payı ən çox ultra emal olunmuş qida qəbul edənlərdə 41 faiz, ən az qəbul edənlərdə isə 68 faiz olub.
De Souzanın sözlərinə görə, ultra emal olunmuş qidaları daha çox yeyən insanlar sadəcə əlavə qida qəbul etməyiblər, bu məhsullar həm də daha sağlam və təbii qidaları onların rasionundan sıxışdırıb çıxarıb.
13:56 17.10.2026
Oxunuş sayı: 53