BVF-dən qlobal iqtisadi böhran xəbərdarlığı: Ölkələrə maliyyə dəstəyi artırıla bilər
Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərinin artması fonunda iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyini genişləndirməyə çağırıblar.
Crossmedia.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Tailandın paytaxtı Banqkokda Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin iclasının yekunlarına dair bəyanatda bildirilib.
"Münaqişələrin və ticarət sahəsində gərginliyin artması vacib marşrutların fəaliyyətinin daha da pozulmasına, neft məhsulları daxil olmaqla, xammala qiymət təzyiqinin artmasına, o cümlədən enerji və ərzaq təhlükəsizliyinin pisləşməsinə səbəb ola bilər", - sənəddə vurğulanıb.
Komitənin sədri, Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cədaanın bəyanatında vurğulanıb ki, qlobal iqtisadiyyat üçün əsas risklər əsasən vəziyyətin ehtimal olunan pisləşməsi ilə bağlıdır.
IMF-ə üzv ölkələr, həmçinin iqtisadi islahatlar aparan və borc yükünün azaldılması üzrə tədbirlər görən dövlətləri dəstəkləmək barədə razılığa gəliblər. Xüsusi diqqət aşağı və orta gəlirli ölkələrə, həmçinin silahlı münaqişələrdən zərər çəkmiş dövlətlərə ayrılacaq.
Bundan başqa, komitədən xəbərdarlıq edilib ki, qabaqcıl intellektual texnologiyaların inkişafı, istiqrazların gəlirliliyinin artması və geoiqtisadi fraqmentasiya maliyyə qeyri-sabitliyini gücləndirə bilər.
13:52 17.10.2026
Oxunuş sayı: 52